CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elm adamları Yəhya Kərimovla bağlı xatirələrini bölüşdülər

Görkəmli elm adamı bu gün doğulduğu Qax şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində Qax Rayonu İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayon ictimaiyyəti, professorun yaxınları və rayon sakinləri iştirak edib.
Sputnik
BAKI, 13 avqust — Sputnik. "Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov bu gün səhər saatlarında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, görkəmli elm adamı bu gün doğulduğu Qax şəhərində torpağa tapşırılıb. Dəfn mərasimində Qax Rayonu İcra Hakimiyyətinin rəsmi şəxsləri, rayon ictimaiyyəti, professorun yaxınları və rayon sakinləri iştirak edib.
Elm adamları görkəmli alimlə bağ xatirələrini Sputnik Azərbaycan-la bölüşüblər. Uzun illər Qax rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan, "Əməkdar Müəllim" Məmməd Xasıyev Kərimovla bağlı xatirələrini bölüşərkən bildirb ki, Yəhya müəllim uzun illər onun atası ilə birlikdə çalışıb. Qismət elə gətirib ki, onlar birlikdə eyni sistemdə çaılşıblar:
"Mənim atamla birlikdə Qax şəhər 1 nömrəli məktəbdə işləyiblər. Atam orada direktor olub, Yəhya müəllim də "pionerbojat" işləyib. Atamın onunla bağlı çox xoş xatirələri var idi. Qismət elə gətirdi ki, biz bir sistemdə çalışdıq. Çox işgüzar, çalışqan alim olub. Biz bir dəfə hesabladıq Azərbaycanda bir neçə milyon adam onun "Əlifba" kitabından yazıb oxumağı öyrənib".
"İnsanı yolda tanıyarlar" deyirlər. Məmməd müəllim mərhum professorla birlikdə olan işguzar səfərindən danışıb: "Onunla 1977-ci ildə Bolqarıstna səfər etdik. 25 nəfərlə birlikdə getmişdik, çox xoş xatirələrimiz olmuşdu o zaman. Tez-tez rayona gələrdi, məktəblərin vəziyyəti ilə maraqlanardı. Çox gözəl məsləhətləri var idi, çalışırdıq ki, onun məsləhətləri ilə irəliləyək. Xeyli kitabları var idi, o kitablardan çox bəhrələnməişəm. Baxmayaraq ki, indi mən təqaüddəyəm, amma indinin özündə də mən o kitabları hərdən vərəqləyirəm. Onun davamçıları əvvəllər daha çox idi. İndi isə davamçılarının sayı azalıb, təəssüf. Həm yaradıcılığı, həm də insanlığı ilə seçilən insan idi".
Digər həmyerlisi, tarixçi Məcid Mehrani də Yəhya müəllimlə bağlı xoş xatirələrini bölüşüb:
"1973-c ilin qış ayları idi. Rəhmətlik Yəhya müəllim bizim məktəbimizə gəlmişdi. Mən də o zamanlar ibtiadi sinifə Təbiətşünaslıq fənnindən "açıq dərs" keçiridim. Həmin vaxt dizə qədər qar var idi. Dərs müddətində uşaqları çölə çıxardım, uşaqlar qar topu oynadılar, sürüşdülər. Sonra hərəmiz əlimizə bir ovuc qar götürüb gətirdik sinifə. O zamanlar odun sobaları var idi. Odun sobasının üzərinə qarın su halına necə keçdiyini əyani sübutunu göstərdim. Bundan başqa, Mirzə Ələkbər Sabirin "Uşaq və buz" şeirini də uşaqlarla birlikdə oxuduq. Digər həmkarlarım mənim bu addımımı rişxəndlə qarşıladılar. Amma Yəhya müəllim mənim bu dərsimi çox bəyəndi. Dedi ki, əsl dərs metodu budur. Mənə təşəkkür elədi buna görə. Mən də gənc müəllim idi, Yəhya müəllimin mənə xoş söz deməsi, dərsimi bəyənməsi məni hədsiz evindirmişdi".
Qeyd edək ki, Yəhya Kərimov 1927-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub. Orta ixtisas təhsilini başa vurandan sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib. 1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
1955-ci ildən Elmi Pedaqoji İnstitutunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin institutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra Təhsil Problemləri İnstitutunun direktorunun elmi tədqiqat bölümü üzrə müavini işləyib.
Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, üç elmlər doktoru yetişdirib.
Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir.
1959-cu ildən ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktoru olub. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.
Hazırda onun tərtib etdiyi altı dərslik və beş dərs vəsaitindən istifadə olunur. Allah rəhmət eləsin!
Həmçinin oxuyun:
Azərbaycanın elm adamları vəfat edib: biri əlifbamızı yaradıb, digəri "91-lər"dəndir