CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ermənistan sülh sazişi imzalamaq məcburiyyətində qalacaq"

Politoloqlar Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildiriblər. Onların fikrincə, Paşinyanın Azərbaycan ilə danışıqlara hazır olması ilə bağlı fikir səsləndirməsi yeni hal deyil.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan ilə danışıqlara hazır olması ilə bağlı fikir səsləndirməsi yeni hal deyil. Bundan öncə də Paşinyan dəfələrlə danışıqlara hazır olduğunu bildirmişdi. Paşinyanın səsləndirdiyi fikirlərlə sərgilədiyi mövqe arasında hər zaman ciddi paradoksallıq müşahidə olunub. Bu dəfə də Paşinyanın səsləndirdiyi fikirlər sırf konyunktur xarakteri daşıyır. Ermənistan özünün təxribatçı mövqelərindən çəkilmək fikrində deyil.
Bunu millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu ağır məğlubiyyətə uğradıb və növbəti mərhələdə Ermənistan sülh sazişi imzalamaq məcburiyyətində qalacaq. Azərbaycan yaratmış olduğu, formalaşdırmış olduğu özünün güc mövqeyindən çıxış edərək Ermənistanı bu sülh müqaviləsini imzalamağa da məcbur edəcək.
O diqqətə çatdırıb ki, ağır məğlubiyyət vəziyyətində, təbii ki, Ermənistan birincisi, birgə bəyanatın şərtlərinə əməl etməkdən, ikincisi isə sülh sazişini bağlamaqdan istənilən vasitələrlə yayınmağa çalışır. Bu baxımdan Paşinyan müəyyən dairələrə hesablanmış fikir səsləndirir, yəni Azərbaycanla danışıqlara hazırıq, amma bununla paralel sərhədboyu təxribatlarını intensivləşdirir. Paşinyanın Azərbaycanla danışıqlara hazırıq deməsi özündən sonra Ermənistan tərəfindən atılacaq müvafiq praktiki addımı nəzərdə tutmur.
O qeyd edib ki, Paşinyan ATƏT-in Minsk qrupundan təkliflər gözlədiyini söyləyir, onun bu təxribatçı mövqeyi əsasən səsləndirdiyi bu fikirdə öz ifadəsini tapır. Çünki ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün yaradılıb. Azərbaycan öz gücü ilə münaqişəni aradan qaldırdı, torpaqlarını işğaldan azad etdi. Bundan sonra münaqişənin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun atacağı heç bir addım və yaxud da verəcəyi heç bir təklif yoxdur. Səbəb çox sadədir, çünki artıq münaqişə yoxdur. Azərbaycan Prezidentinin də dəfələrlə səsləndirdiyi kimi, münaqişə tarixə qovuşub, ancaq post-münaqişə mərhələsindən danışmaq mümkündür. ATƏT-in Minsk qrupu post-münaqişə mərhələsinin reallıqlarına və tələblərinə uyğun olaraq hansısa töhfələr verə bilər. Yəni, artıq olmayan münaqişənin tənzimlənməsi ilə bağlı, təbii ki, ATƏT-in Minsk qrupunun təklifləri ola bilməz. Paşinyan bu fikri ilə əslində özünün əsas məqsədinin və ona verilən təlimatların nədən ibarət olduğunu açmış oldu.
"Biz dəfələrlə qeyd etmişik ki, kənar dairələr, xüsusilə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri olan ABŞ və Fransa Ermənistandan bir alət kimi istifadə edərək regionda yenidən gərginliyin yaranmasında maraqlıdırlar ki, onlar öz iştirakçılığını təmin edə bilsinlər və müvafiq olaraq regionda maraqlarının qorunması üçün əlavə imkanlar əldə etsinlər. Paşinyan da aldığı məhz bu təlimatlara uyğun olaraq sərhədboyu təxribatlar törədir və elə təxribatçı mövqelər də sərgiləyir.
Paşinyanın ATƏT-in Minsk qrupundan təkliflər gözləyirik deməsi bir daha bizdə əminlik yaradır ki, Paşinyanın sərhədboyu gərginliyi intensivləşdirməkdə əsas məqsədi münaqişənin sanki hələ də davam etməsi təəssüratını yaratsın ki, məsələnin Qərb dairələrinin istəyinə uyğun olaraq müzakirəsini yenidən ATƏT-in Minsk qrupu platformasına qaytarılması üçün əsaslar yaranmış olsun. Paşinyanın səsləndirdiyi fikirlər ciddi qəbul olunmamalıdır", - deyə millət vəkili qeyd edib.
O əlavə edib ki, Azərbaycanın güc mövqeyi hər gün möhkəmlənməkdədir və biz Ermənistanı sülh sazişi imzalamağa məcbur edəcəyik.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Sputnik Azərbaycan-a deyib ki, Paşinyanın dediyi sözlərə yox, atdığı addımlara baxmaq lazımdır: "Paşinyan bundan əvvəl də oxşar açıqlamalar verirdi ki, qonşu ölkələrlə sülh lazımdır, daha sonra isə atəşkəsi pozurdu. İndi də Qarabağa silah, hərbçilər daşıyırlar. Paşinyanın açıqlamalarına o qədər də inanmıram. Ermənistan vəziyyəti gərginləşdirən addımlar atır. Azərbaycan təklif edir ki, sülh razılaşması ətrafında, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı danışıqlara başlayaq. Ermənistan isə bu danışıqlardan qaçır. Ermənistan tam xaos içərisindədir. Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanı inkişaf gözləmir, o, xaos içərisində boğulacaq".
"ATƏT-in Minsk qrupu ilə məsələ bitib, münaqişə həll olunub. Paşinyan hiss olunur ki, qorxu içərisindədir, Azərbaycanın gücünü bir dəfə görüb. Azərbaycan ikinci dəfə də qətiyyətli addımlar atsa, Paşinyan hakimiyyətindən heç nə qalmayacaq", - deyə politoloq əlavə edib.
Xatırladaq ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib.
"Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - o bəyan edib.
Hökumətin iclasının gedişində Paşinyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazırdır. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir.
Paşinyan mürəkkəb regional problemlərin həllinin vacibliyini də qeyd edib. Onun sözlərinə görə, "həll yolunu" tapmaq mühümdür: "Həm çətin, həm də asan həll yolları var, belə yollardan biri regional nəqliyyat kommunikasiyalarının bərpasını nəzərdə tutur. Bu məsələdə fəal olmaq və təşəbbüskarlıq nümayiş etdirmək vacibdir. Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində bizim mövqeyimiz dəyişməyib, bu istiqamətdə işi sürətləndirmək lazımdır. Regionda düşmənçilik atmosferinin dərinləşməsinə yol vermək olmaz".
Ermənistanın baş naziri, həmçinin Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işinin bərpasına Yerevanın hazır olduğunu da bəyan edib. "Fikrimcə, regional kommunikasiyaların bərpası məsələsini sürətlə həll etmək olar. Biz qısa vaxt ərzində baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın işini bərpa etməliyik ki, bölgədə kommunikasiyaların yenidən qurulması mümkün olsun", – deyə o vurğulayıb.

Üçtərəfli işçi qrupun yaradılması

Qeyd edək ki, bu ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bəyanatda bildirilir:
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Eləcə də oxuyun:
Azərbaycan XİN Ermənistanın xarici siyasət idarəsinə cavab verib
Paşinyan yalandan sülhməramlı cildinə girib - Korotçenko Yerevanın bəyanatları barədə
Paşinyan İlham Əliyevlə danışıqlara hazır olduğuni bildirib
Gədəbəy və Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
KTMT oyunu: Ermənistan ümid edir ki, Azərbaycandan hansısa güzəştləri qoparda biləcək
Müdafiə Nazirliyindən Ermənistan hərbçilərinin Qarabağda yerləşdirilməsinə reaksiya
Ermənistan sərhəddəki vəziyyəti dramatikləşdirir – Zasın Yerevana səfərinin yekunları