Xəzər - okeanik mənşəli, bununla belə, açıq dənizə çıxışı olmayan dünyanın ən böyük gölüdür. Bu su hövzəsi bioloji sərvətlərlə zəngindir, burada Xəzər suitisi, nərə balığı, ağbalıq kimi nadir endemik növlərə rast gəlmək mümkündür. Dənizin yodlu suyu isə bir sıra mineral maddələrlə zəngindir və insan sağlamlığına müsbət təsir göstərən müalicəvi xüsusiyyətlərə malikdir. Xəzərin faunasına yüzdən artıq balıq növü, o cümlədən, siyənək, suf, kefal, kilkə aiddir.
Xəzər Günü - beş Xəzəryanı ölkənin ekoloqları üçün dənizin və sahil zonasının problemlərini gündəmə gətirmək, təbiətdən istifadə edənlərə gələcək nəsillər qarşısındakı öhdəliklərimizi xatırlatmaq, eləcə də, sahil ərazilərinin gözəlliyinin mühafizəsi naminə müxtəlif aksiyalar keçirmək üçün bir səbəbdir.
Xəzərlə bağlı önəmli hadisələrdən biri də 20 ildən bəri hazırlanan və tarixi hadisəyə çevrilən beş Xəzəryanı dövlətinin prezidenti tərəfindən dənizin hüquqi statusu haqqında sənədin imzalanmasıdır.
Sənədin həyata keçirilməsi məqsədi ilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq, eləcə də sərhəd xidmətlərinin qarşılıqlı fəaliyyəti haqqında üç hökumətlərarası protokol da imzalanıb.
Xatırladaq ki, Xəzərin hüquqi statusunun rəsmiləşdirilməsi ilə bağlı uzunmüddətli danışıqlar prosesi 1996-cı ilin noyabrında Aşqabadda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ilk görüşündə başlayıb. Xəzər sammitlərinin keçirilməsinin əsası isə 2002-ci ilin aprelində Türkmənistanda qoyulub. İlk sammit də elə bu ölkədə keçirilib və onun gedişatında Xəzər dənizinin hüquqi statusu, dənizdə təhlükəsizlik və digər məsələlər üzrə sahil dövlətlərinin ilkin siyasi razılaşmaları təsbit edilib.
İkinci sammit 2007-ci ildə Tehranda, üçüncü belə tədbir 2010-cu ildə Bakıda, dördüncüsü 2014-cü ildə Həştərxanda, beşinci toplantı isə 2018-ci ildə Aktau şəhərində baş tutub.