BAKI, 12 avqust — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Baykal-Amur Magistralının (BAM) Şərq qolunun rekonstruksiyasının başlaması mərasimində iştirak edib. Sputnik Azərbaycan bu barədə RİA Novostiyə istinadla məlumat yayıb.
"Bu sahə Ulakdan Fevralska qədər 340 kilometr ərazini əhatə edir. BAM-ın bu hissəsinin inşası ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir", - deyə o mərasimdə bildirib.
Nazirin sözlərinə görə, hazırda dəmir yolu xəttinin potensialı yüksək yüklənmə səbəbindən tükənib, ancaq 2024-cü ilin sonlara kimi, yəni, yol yenidən istismara veriləndə Şərqi Sibirin nəqliyyat imkanları, ötürücülük qabiliyyəti və tranzit yük daşımalarının həcmi artacaq.
"Bundan başqa, Rusiya Asiya-Sakit okean regionuna çıxış imkanını genişləndirəcək", – deyə Şoyqu vurğulayıb.
Nazir qeyd edib ki, prezident Vladimir Putinin tapşırığına əsasən, Müdafiə Nazirliyi BAM-ın rekonstruksiya prosesində iştirak edir və onun fikrincə, dəmiryolu qoşunları qarşıya qoyulan vəzifənin öhdəsindən layiqincə gələcək.
Şoyqu onu da vurğulayıb ki, bir vaxtlar "əsrin tikintisi" adlandırılan BAM-la bağlı SSRİ-də yaşamış hər bir insanın müəyyən təəssüratları var.
Qeyd edək ki, BAM Rusiyanın Şərqi Sibirdə və Uzaq Şərqdə Sakit okeana çıxan dəmir yol magistralıdır. Ümumi uzunluğu 4300 kilometrə bərabərdir. Tikintisinə 1940-cı ildən başlanıb və 1989-cu ildə istifadəyə verilib. SSSİ dönəmində bütün respublikalardan, o cümlədən, Azərbaycandan da BAM-ın tikintisinə minlərlə insan cəlb olunub, hətta bu prosesdə fəal iştirak edənlərin mükafatlandırılması məqsədi ilə 1976-cı ildə "Baykal-Amur Magistralının tikintisinə görə" xüsusi medalı təsis edilib.
Həmçinin oxuyun:
Rusiya və Azərbaycan nəqliyyat kooperasiyasını genişləndirirlər
Tovuzda yeni avtomobil tuneli inşa edilir