BAKI, 11 avqust — Sputnik. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı qarşılaşdığı məsələlər, biznes fəaliyyətinin şəffaflığının təmin edilməsi istiqamətində vergi orqanlarının müəyyən etdiyi nöqsanlar və onların aradan qaldırılması yolları ilə bağlı Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektləri ilə dialoq formatında görüşlərin keçirilməsi davam etdirilir.
Dövlət Vergi Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, növbəti belə görüş metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən şirkətlərlə keçirilib.
Görüşdə Dövlət Vergi Xidmətinin, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli vergi orqanları tərəfindən uçotun dürüstləşdirilməsi, biznes sahələrinin fəaliyyətində şəffaflığın təmin olunması və "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Bildirilib ki, şəffaflığın təmin edilməsi və vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsinə yönəlmiş fəaliyyət prinsipləri yalnız vergi orqanlarının deyil, vergiödəyicilərinin fəaliyyətini də əhatə edir.
Xidmət rəisi qeyd edib ki, vergi orqanları metal məmulatlarının qəbulu, istehsalı və satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətini təhlil edib və bu sahədə bir sıra nöqsanların olduğu müəyyənləşdirilib. Digər sahələrdə olduğu kimi, metal məmulatlarının qəbulu sahəsində sənədsiz əməliyyatlar və sahibkarlıq subyektlərində qanunvericiliyə əməl edilməsi ilə bağlı kənarlaşmalar müşahidə olunur. Bu sahədə əməliyyatların qanun çərçivəsinə salınması zəruridir.
O.Nəzərli bu sahədə müşahidə olunan qanun pozuntuları, xüsusən metal tullantılarının qəbulu və məhsul satışı sahəsində mövcud nöqsanlar barədə məlumat verib, qeyd edilən məsələlərin həlli istiqamətində təkliflər səsləndirib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli metal tullantılarının radiasiya müayinəsi, müvafiq ölçmə cihazlarının mövcudluğu, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı ilə əlaqədar avadanlıq və qurğuların dövlət standartlarının tələblərinə uyğunluğu, sahibkarlıq subyektlərinin müvafiq sertifikatlar və uyğunluq sənədlərinə malik olması ilə bağlı tələbləri bir daha görüş iştirakçılarının nəzərinə çatdırıb.
Görüşdə metallurgiya sahəsində təmsil olunan şirkətlərin fəaliyyəti, istehsal olunan məhsulların satışı ilə bağlı mövcud çətinliklər, məhsulların ixracı və sahənin inkişafı üzrə qarşıda duran məsələlər müzakirə olunub.
Vergi öhdəliklərinin icrası, vergi yoxlamaları, vergi nəzarəti və hesabatlılığa dair, eləcə də bu sahədə çalışan şirkətlər üçün mövcud qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.