Türkiyədə iki həftədir ki, ölkənin müxtəlif bölgələrində meşə yanğınları davam edir. Türk yanğınsöndürənlər müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan və Rusiyadan köməyə gələn həmkarları ilə birlikdə əksər yanğın ocaqlarını nəzarət altına almağa və söndürməyə müvəffəq olublar, lakin bəzi yerlərdə yanğına qarşı mübarizə hələ də davam edir. Belə ki, xilasedicilər 220-dən çox ocağın öhdəsindən gələ biliblər.
Son iki həftə ərzində təbii fəlakət insan tələfatı ilə nəticələnib. Ölkə səlahiyyətliləri 8 ölü və 864 yaralanan barədə məlumat veriblər. Bununla yanaşı, Türkiyə meşələrinə çox böyük ziyan dəyib. Belə ki, ölkə hakimiyyəti çoxsaylı yanğınların nəticələrinin aradan qaldırılması üçün yanğından əziyyət çəkən bölgələrdə 250 milyon ağac əkməyi planlaşdırıb.