Toya gedən yüzlərlə adam qapı arxasında qaldı

Monitorinq ümumilikdə 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2217 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Qeyd edək ki, avqustun 7-8-də Bakı şəhərində və respublika ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 5395 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Həmçinin oxuyun:
Karantin rejimində toy
İki yüzdən artıq şəxs toyda qapı arxasında qaldı