BAKI, 10 avqust — Sputnik. Azərbaycanlı müğənni Səmra Rəhimli 2021 -ci il avqustun 19-dan 25-dək Soçidə keçiriləcək "Yeni Dalğa" (Novaya volna) gənc ifaçılar üçün beynəlxalq müsabiqədə iştirakdan imtina edib.Sputnik Azərbaycan xəbər verir ki, sənətçi, əvvəlcə təşkilatçılara birbaşa finalda iştirak edəcəyini təsdiqləsə də, daha sonra yarışmanın onun formatına uyğun olmadığını bildirib.
İfaçının anası, eləcə də prodüseri İlahə Baxşıyevanın sözlərinə görə, imtinaya səbəb yarışmanın formatının Səmranın ifa tərzinə uyğun gəlməməsidir. Buna görə müğənni Soçiyə getmək fikrindən daşınıb: "Bizə zəng edib bu müsabiqəyə qatılmağı təklif etdilər. Səmra yarımfinala belə qatılmadı, dərhal finala çıxdı. Bu layihə haqqında heç nə bilmirdik. Bizə zəng edib deyəndə ki, hansı mahnını oxumalıyıq, hansı stildə geyinməliyik, ondan imtina etmək qərarına gəldik", - deyə Baxşəliyeva bildirib.
Xatırladaq ki, bu il finalçıların seçimini musiqi prodüseri Anastasiya Muxina edib. Müsabiqənin direktoru Aleksandr Revzin və münsiflər heyətinin sədri, Rusiyanın Xalq artisti İqor Krutoy olub.
Beynəlxalq Musiqi Yarışması 19-25 avqust tarixlərində Soçidə keçiriləcək. Finalçılar arasında Avstraliya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, İspaniya, İtaliya, Niderland, Serbiya və Rusiya təmsilçiləri də yer alıb.
Məlumat üçün bildirək ki, Səmra Rəhimli "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olub. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edib və final mərhələsində ölkəyə 17-ci yeri qazandırıb.