BAKI, 10 avqust — Sputnik. Karantin qaydalarının pozulmasına görə həbs olunan və saxlanılanlar var. Sputnik Azərbaycan xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gün ərzində açıqlanan belə faktlarla bağlı məlumatları təqdim edirik:
Balakəndə karantin qaydalarını pozan şadlıq sarayının inzibatçısı həbs olunub
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin obyektin inzibatçısı İbrahim Əliyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub. Toy sahibi Aydın Mustafayev barəsində isə protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.
Qeyd edək ki, ötən ay da həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün obyektin sahibi 4 min manat məbləğində cərimə edilmişdi.
Saatlıda karantin qaydalarının pozulduğu toylar aşkar edilib
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Nərimankənd, Məzrəli, Potubəyli və Qara Nuru kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib. Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.
Goranboyda toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Alırzalı, Hacalı kəndlərində və Dəliməmmədli şəhərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Şamaxıda restoran sahibi 4 min manat cərimələnib
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.
Qeyd edək ki, mütəmadi olaraq DİN tərəfindən belə monitorinqlər təşkil olunur.
Həmçinin oxuyun:
Toya gedən yüzlərlə adam qapı arxasında qaldı