BAKI, 9 avqust — Sputnik. Raket-kosmos sənayesində korrupsiyanın qarşısını almaq məqsədilə "Roskosmos" və onun müəssisələrinin rəhbərliyinə namizədlər üçün məcburi yalan detektoru testi tətbiq edilir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə dövlət korporasiyasının direktoru Dmitri Roqozin məlumat verib.
"Mən keçən ilin yay aylarından etibarən dövlət korporasiyasında və bizim digər müəssisələrdə mühüm vəzifələrə təyinat zamanı məcburi qaydada poliqraf yoxlamasından keçmək tələbi qoymuşam", – deyə o öz Facebook səhifəsində müdafiə sənayesi kompleksində korrupsiyaya görə ölüm hökmünün qaytarılması ilə bağlı məsələni şərh edərkən yazıb.
"Roskosmos"un mətbuat xidmətindən RİA Novosti-nin sualına cavab olaraq vəziyyətə aydınlıq gətirilib və bildirilib ki, söhbət poliqraf yoxlaması tələb edən baş direktorun müavinləri və digər əməkdaşlardan gedir.
Qeyd edək ki, 2018-ci ilin iyun ayında Roqozin "Roskosmos"un rəhbərliyinə gətirilən vaxt söz vermişdi ki, dövlət korporasiyasında müftəxorlara, intriqa yaradanlara və digər bəd əməl sahiblərinə yer olmayacaq.