BAKI, 9 avqust — Sputnik. Prezident İlham Əliyev "Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında" 21 oktyabr 2015-ci il tarixli fərmanında dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili həmin Koordinasiya Şurasının Katibliyi tərəfindən həyata keçiriləcək.
İndiyə qədər Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının cari fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən həyata keçirilib.
Fərmana əsasən, bundan sonra Şuranın sədri iqtisadiyyat naziri deyil, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri olacaq.
Əvəzində iqtisadiyyat nazirinin müavini nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavininin əvəzində şuranın üzvlərinin sırasında yer alacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədi ilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.
Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edir.