BAKI, 9 avqust — Sputnik. "Apple"-in "iPhone" və "iPad"-lərdə qadağan olunmuş fotoların axtarışını nəzərdə tutan yeni texnologiyası məxfilik prinsipinin pozulması kimi qiymətləndirilib. Bu məsələdən narahat olmuş fərdi istifadəçi və qurumların açıq məktubu internet şəbəkəsində yer alıb. Sputnik Azərbaycan bu barədə RİA Novostiyə istinadla məlumat yayıb.
Məktub müəllifləri belə hesab edirlər ki, bununla "Apple" özünün uzun illərdir iOS platforması ilə məşhur olan şəxsi məlumatların qorunması sisteminə təhlükə yaradır. Belə ki, "İCloud və iMessage funksiyalarında göstərilən kriptoqrafik alqoritmlər digər məqsədlər üçün də istifadə edilə bilər. Belə təhlükələrin sırasına məzmun və istifadəçilərin real vaxt rejimindəki məlumatları üzərində nəzarət aləti əldə edilməsi ilə müşayiət olunan dövlət senzurası da aid edilir.
Açıq məktuba imza atmış 5000 şəxs (o cümlədən, hüquq-müdafiə təşkilatları) Amerikanın bu texnologiya nəhəngindən tələb ediblər ki, sistemin inkişaf etdirilməsini dayandırsın.
Qeyd edək ki, "Apple"-ın istifadəçi cihazlarında fotoşəkilləri skan etmək texnologiyası barədə məlumat avqustun əvvəllərində yayılıb. Şirkət belə hesab edir ki, bu addım uşaqlar üzərində cinsi zorakılıq hallarının qarşısını almağa imkan verir.
Yeni texnologiya ABŞ-da "iOS" və "iPadOS"-un böyük payız yenilənməsindən sonra işə düşəcək.
Eləcə də oxuyun:
WhatsApp video ilə bağlı yeni funksiya hazırlayır
WhatsApp-da yeni funksiya - yalnız Android istifadəçiləri üçün
TikTok istifadəçilərin biometrik məlumatlarını toplayır - YENİLİK