Gürcüstan qaydaları yenidən sərtləşdirir

Gürcüstanda müvafiq qərarla açıq və qapalı məkanlarda gecə klublarının fəaliyyəti də qadağan edilib, qida iaşə obyektlərinin fəaliyyəti isə 00:00-dan 05:00-dək məhdudlaşdırılacaq.
Sputnik
BAKI, 9 avqust — Sputnik. Sabahdan Gürcüstanda 5-dən çox insanın toplaşdığı açıq məkanlarda tibbi maskadan istifadə məcburi olacaq. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi altında fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib. Bildirilib ki, qərarın qəbul edilməsinə səbəb ölkədə epidemioloji vəziyyətin pisləşməsidir.
Bundan başqa, ölkə ərazisində toyların və digər kütləvi şənliklərin keçirilməsinə nəzarət gücləndiriləcək. Qayda pozuntusuna yol vermiş obyektlər 10 min lari (5510 manat) cərimə olunacaq, eyni müəssisə təkrar qanun pozuntusuna yol verdikdə isə onun fəaliyyəti dayandırılacaq.
Müvafiq qərarla açıq və qapalı məkanlarda gecə klublarının fəaliyyəti də qadağan edilib. İaşə obyektlərinin fəaliyyəti isə 00:00-dan 05:00-dək məhdudlaşdırılacaq.
Qərb qonşumuzun əksinə, Şotlandiyada isə bu gündən etibarən Şotlandiyada koronavirusla bağlı əksər məhdudiyyətlər aradan qaldırılıb. Yeni qaydalara əsasən, iki metrlik sosial məsafə saxlamaqla bağlı məhdudiyyətlər ləğv edilib, gecə klubları öz fəaliyyətlərini bərpa edib.
Bundan əlavə, 5000-dən çox insanın qatıldığı açıq hava tədbirlərinin və 2000-dən çox insanın iştirak etdiyi qapalı tədbirlərin təşkilinə icazə verilib. Ancaq bunun üçün əvvəlcədən yerli hakimiyyət orqanlarından icazə alınmalıdır.
Qapalı məkanlarda və nəqliyyat vasitələrində isə maskalardan istifadə ilə bağlı qanun hələ də öz qüvvəsində qalır. Şotlandiyanın Birinci naziri Nikola Starcion koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq insanları həssas olmağa çağırıb.
Qeyd edək ki, İngiltərədə koronavirus məhdudiyyətləri 19 iyul tarixində aradan qaldırılıb.