BAKI, 8 avqust — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb. Sputnik Azərbaycan xəbər verir ki, rayonun Qaraməryəm, Çərəcə, İnçə və rayon mərkəzində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində keçirilən toy məclislərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Karantin qaydalarını pozan toy sahibləri Əliqan Tahirov, Dadaş İsmayılov, Ələhəddin Qarayev və Əsgər Mütəllimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.
Bundan başqa, Şəki rayonun Aydınbulaq kəndində İsa Pirimova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə 120 qonağın iştirak etdiyi müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı mərasimi təşkil edən İ.Pirimov, eləcə də tibbi maskadan istifadə etməyən 3 xidmət personalı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Həmçinin oxuyun: