BAKI, 9 avqust — Sputnik. Avqustun 16-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, vətəndaşların nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVID-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
"Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır", - məlumatda deyilir.
Məlumatda o da vurğulanıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
Naziriyin bu mövqeyi cəmmiyyət tərəfindən birmənalı qarşılanmır. İqtisadçı-ekspert Natiq Cəfərli nazirliyin bu mövqeyini qınayır.
Ekspert nazirlik və onun qurumlarında müəyyən xidmətlərdən yararlanmaq üçün COVID-19 pasportunun tələb olunmasının gərəksiz olduğunu bildirib.
"Yaxşı, toya-yasa COVID-19 pasportu ilə buraxılma qərarını keçdik, idman zalları da sizə qurban, bunlar özəl sektordur, həyati əhəmiyyəti yoxdur. Amma dövlətin sosial xidmətinin COVID-19 pasportu ilə verilməsi nə deməkdir? Dövlət o xidməti bizim hamımızın ödədiyimiz vergi ilə göstərir. Yaxşı, o zaman COVID-19 pasportu olmayanlardan vergi də almayın, sosial xidmət də göstərməyin, hərə öz başının çarəsinə qalsın!", - deyə Natiq Cəfərli vurğulayıb.
"Vaksinləşmə qanunla məcburidirmi? Yox, məcburi deyil. O zaman bu nə ayrıseçkilikdir axı? Bu nə "COVID-faşizmdir"? Vaksinləşməni stimullaşdırmaq istəyirsiz? Əla, olsun! Bir çox ölkələrdə olduğu kimi pullu-hədiyyəli edin, məsələn, vaksin vurduran hər kəsə 100 manat ödəyin, olsun-bitsin! Yaxud da vaksinləşən vətəndaş 1 ay kommunal xərclərdən azad olsun, belə addımlarla stimul yaradın. Daha dövlətin vətəndaşlara ayrı-seçkiliyi nə məsələdi axı? Bu həm qanunsuzdur, həm də konstitusiyanın pozulmasıdır. Məsələ ilə bağlı Konstitutsiya Məhkəməsinə müraciət hazırlamaq lazımdır!", - deyə o əlavə edib.
Millət vəkili Fazil Mustafa isə nazirliyin bu addımını müsbət qarşıladığını bildiirib. O, bunun səbəbini cəmiyyətin könüllü vaksinasiyaya getmək istəməməsi ilə izah edib.
"Biz demişdik ki, vaksin könüllüdür. Azərbaycanda vaksinasiya məsələsi bir az da məcburi xarakter daşıyan varianta çevrilir. Bizim cəmiyyətdə başqa necə eləmək olar? Könüllü şəkildə bu prosesi hər hansı bir şəkildə necə tənzimləmək mümkündür? İnsanların böyük əksəriyyəti bu məsələnin mahiyyətini anlamaq istəmirlər və bu səbəbdən də inadlarını davam etdirirlər. Şayiələr, anladıqları mühakimə ilə bu məsələyə yanaşırlar", - deyə deputat bildirib.
Millət vəkili toylarda da qayda-qanunun pozulmasına diqqət çəkib.
"Ötən gün bir toyda idim, əksəriyyəti qadın olmaqla hər kəs gəlib bir-biri ilə 2-3 dəfə öpüşüb-görüşürdülər. Heç birinin də vecinə deyil ki, kimisə yoluxduracaq, yaxud özü xəstələnəcək. Belə bir cəmiyyətdə bunu necə etmək olar? Mən də düşünürəm ki, vaksinasiya könüllü olmalı və məcburiyyət olmamalıdır. Amma daha başqa bir yol da qalmır. Azərbaycan cəmiyyətində hər bir şeyin könüllü tərəfində mütləq bir məcburetmə qoyulmalıdır. Bu bir mədəniyyət məsələsidir", - deyə millət vəkili vurğulayıb.
Fazil Mustafa insanların səhhətlərinə qarşı biganəliyindən də söz açıb. O bildirib ki, əksər hallarda insanlar yatağa düşdükdə həkimə gedirlər.
"Görmüsüz ki, öncədən insanların çoxu profilaktika ilə məşğul olsun? İnsanlar xəstələnən kimi gedib qan analizi verirlər. Əslində hər il qanını yoxlatmalıdır, bilməlidir ki, nəsə bir dəyişiklik, diabet və sair varmı, yoxmu. Belə bir vəziyyətdə nazirlik nə etsin? Hərə özünün xırda çevrəsində bunu etməklə vəziyyəti yüngülləşdirməyə çalışır", deyə deputat vurğulayıb.
F.Mustafa bildirir ki, peyvənd vurdurmaq 100-200 manat olsaydı, hamı o qiymətə görə deyəcəkdi ki, burada maraqlı bir şey var, pul verim, vurdurum. "Pul verirlər ki, oxumadan diplom alsınlar. İndi isə gedib pul verirlər ki, peyvənd etdirməsinlər. Sağlamlığı pulla ört-basdır edirlər. Bu səbəbdən nazirliyin bu addımına haqq qazandırıram. Hesab edirəm ki düz edib və bütün nazirliklər də bunu tətbiq etməlidirlər", - deyə millət vəkili bildirib.
"Məmur təbəqəsi vaksin olunsun, ondan sonra da qalan təbəqələri də dilə tutmaqla, yalvarmaqla, aldatmaqla bəzən, bəzən inandırmaqla vaksin elətdirək ki, bu cəmiyyət bu bəladan bir balaca yüngülləşsin", - deyə F.Mustafa əlavə edib.