BAKI, 6 avqust — Sputnik. Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda baş verən yanğın səngisə də, indi də şəhərin havasını zavodların çirkləndirdiyinə dair məlumatlar yayılır. Ekoaktivistlər iddia edirlər ki, İqtisadiyyat Nazirliyinin nəzdində olan, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə və "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə məxsus zavodlar Sumqayıtı tüstüyə boğub. Onların sözlərinə görə, havanı əsasən zavodların tullantıları çirkləndirir.
"Şəhəri bürüyən tüstünün əsas mənbəyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə məxsus zavoddur. Düzdür, məişət tullantıları poliqonunda baş vermiş yanğının da yaratdığı tüstü var. Amma şəhəri bürüyən üfunət qoxusunun və tüstünün mənbəyi zibil poliqonu deyil. "Sumqayıt Texnologiyalar Parkı"na məxsus zavoddan çıxan tüstü də havanı çirkləndirir. Amma onun miqyası böyük deyil", - deyə ekoaktivist Cavid Qara bildirib.
Ekoaktivistlər iddia edirlər ki, şəhəri bürüyən üfunət qoxusu sakinləri də ciddi şəkildə narahat edir. Onlar məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək cavabdeh şəxslərin cəzalandırılmasını tələb edirlər.
Sputnik Azərbaycan sənaye şəhəri Sumqayıtda zavodların havaya qatı tüstü buraxdığı iddialarını araşdırıb.
Qeyd edək ki, zavodlar ölkə üçün iqtisadi cəhətdən səmərəli olsa da, müasir qurğuların yoxluğu ekoloji baxımdan təhlükə yaradır. Amma Sumqayıtda fəaliyyət göstərən zavodların Sovet dövründən sonra işə başladığını nəzərə alsaq, onların qurulmasında ekoloji amillərin nəzərə alınıb-alınmaması suallar yaradır.
Buxarla tüstü necə "qarışıq düşüb"?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən insanlar tüstü ilə buxarı qarışdırırlar. Onun sözlərinə görə, tüstü tullantıların yandırılmasından yaranır və müxtəlif dəm qazları ilə birlikdə atmosferi çirkləndirir. Bu zaman kəskin iy-qoxu da yaranır: "İstənilən müəssisədə müxtəlif texnologiyalardan istifadə olunsa da buxar əmələ gəlir. Əgər müəssisələrdə sobalar işləyirsə, bayıra buxar da çıxmalıdır. Ona görə də zavodlardan ağ rəngli buxarın çıxması tam normaldır.
İki gün öncə iddialarla bağlı biz "Sumqayıt Kimya Sənaye Parkı"nın ətrafında monitorinq apardıq. Yoxlamalarımızda buxarla rastlaşırıq. Oradan çıxan buxarda və onun ətrafında havada dəm qazı aşkar edilmədi. Normativlərin göstəricilərə uyğunluğu aşkarlandı. Həmin gün xidmətin əməkdaşları həmçinin Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda da monitorinq keçirdilər. Qeyd edim ki, monitorinq müasir cihazlarla aparıldığından orada insan müdaxiləsi mümkün deyil. Poliqonda dəm qazının normadan 2,5 dəfə çox olduğu üzə çıxdı. Elə həmin ərazidə iy-qoxunun yaranmasına da səbəb bu amil idi. Beləcə, Sumqayıtda iy-qoxunun həmin poliqondan olması öz təsdiqini tapdı".
Bununla belə H.Əlizadə deyir ki, hansısa zavodda qəza baş vermə təhlükəsi yarandığı üçün müəyyən intervalda atmosferə qəza buraxılışı edə bilər. Bu da iy-qoxunun yaranmasına gətirib çıxardır.
İllərin problemi: Yaşayış ərazilərində zavodlar
O ki qaldı yaşayış ərazilərində iri zavodların inşasına, H. Əlizadə deyir ki, Sumqayıtda zavodların inşa olunması təsadüfi deyil.
"Çünki Sumqayıt 40-50 il əvvəl də sənaye şəhəri olub. İnsanlar iyi-qoxudan çox şikayət edirdilər. Hətta yoldan keçib gedəndə Sumqayıtda iy-qoxu hiss olunurdu. Orada insanların məskunlaşması və sənaye müəssisəsinin tikintisi işi paralel aparılıb. İnsanlar o zavodlarda işləmək üçün orada məskunlaşıblar. Sovet dövründən sonra həmin obyektlərin çoxu fəaliyyətini dayandırdı. Müstəqillik dövründən sonra o müəssisələrin bəziləri fəaliyyətində yeni mərhələyə keçdi. Amma bununla belə, demək olmaz ki, bütün obyektlərdə bu gün fəaliyyət 100 faiz normativlərə cavab verir. Bunun üçün yoxlama və monitorinqlər həyata keçirilir.
İstisna deyil ki, hansısa zavodun fəaliyyətində normativlərdən kənaraçıxma olsun. Ən müasir zavodlarda belə fəaliyyət zamanı qəza çıxışı baş verir. Toplanan qazları açıb atmosferə buraxan zaman ekoloji çirklənmə baş verir. Amma bu gün hansısa zavoddan çıxan buxarı tüstü adlandırmaq doğru deyil. Bu, sosial aktivistlərin fikridir. Onlar öz fikirlərini açıqlaya bilərlər", - deyə H. Əlizadə bildirir.
Xidmət rəisinin sözlərinə görə, bir gün içində Sumqayıtda bütün zavodlar yoxlanıla bilməz. Amma yoxlama prosesi mütəmadi aparılır. H. Əlizadənin sözlərinə görə, insanlarda konkret fakt olarsa, nazirlik həmin faktları araşdırmağa hazırdır.
Həmsöhbətimizin sözlərinə görə, istənilən müəssisə yeni qurulanda Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi alınmalıdır. Orada ətraf mühitə təsir qiymətləndirilir. Zavodun öz fəaliyyəti dövründə hansı normativlərə cavab verməli olduğu həmin rəydə öz əksini tapır.
İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, ekoaktivistlər tərəfindən Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Baku Non Ferrous and Foundry Company" MMC tərəfindən havaya buraxılan tüstünün ekologiyanı çirkləndirməsinə dair iddialar yayılıb.
ETSN xəbərdarlıq edib, amma...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zavodda monitorinqlər aparılıb, havaya buraxılan tozun miqdarı araşdırılıb və zavoddan havaya boz və qara rəngli iysiz tüstünün buraxıldığı müəyyən edilib (xammal sobaya yığılarkən ilk olaraq borudan qara tüstü çıxır və qısa zamanda qara tüstü boz (adi) tüstüyə çevrilir): "Araşdırmanın nəticələrinə əsasən, havanın tərkibi ətraf mühit üçün yol verilən hədd norması daxilində - NH3-01 mq/m3 (norma: 0,2 mq/m3), CO-3 mq/m3 (norma: 5 mq/ m3), SO2 01- mq/m3 (norma: 0,5 mq/m3) olmuşdur.
Nəticələr onu deməyə əsas verir ki, zavodda təmizləyici boru filtrlərindən istifadə edildiyi üçün havaya buraxılan tüstü ətraf mühit, insan orqaniziminin sağlamlığı üçün tam təhlükəsizdir. Məlumat üçün bildiririk ki, "Baku Non Ferrous and Foundry Company" MMC tərəfindən havaya buraxılan tüstünün zərərsizləşdirilməsi üçün 1700 ədəd filtr qurğusundan istifadə edilir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istifadə edilən avadanlıqlar müasir standartlara cavab verir.
Hər bir müəssisədə məhsul istehsalı zamanı əmələ gələn zərərli maddələrin havaya buraxılmasının qarşısını almaq üçün təmizləmə qurğularından (təmizləyici boru filtrlərindən) istifadə edilir. Mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hava təmizliyinə nəzarət üçün monitorinqlər aparılır. Müəssisələrin havanın çirklənməsinə yol verilməmələri üçün maarifləndirici görüşlər və təlimlər keçirilir", - deyə sorğumuza verilən cavabda bildirilir.
Xatırladaq ki, ETSN tərəfindən Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu yerli icra orqanlarının nəzərinə çatdırılıb. Həmin poliqonun idarə edilməsi ilə məşğul olan "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC cərimələnib. Təkcə 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib. 2021-ci ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə isə yenidən bir neçə gün öncə 4800 manat məbləğində cərimə tədbiri tətbiq edilib.
Qeyd edək ki, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mətbuat konfranslarının birində Sumqayıtda havadan gələn qoxuyla bağlı əhalinin narazılıqlarına münasibət bildirmişdi. Nazir məsələdən xəbərdar olduğunu qeyd etmişdi.
"Sərt tədbirlər bizim marağımızda deyil. Biz də o siqnalları alırıq və çalışırıq ki, reaksiya verək. Bu, iki metaləritmə müəssisəsidir. Biz onları cərimə etmişik. Orada Sumqayıt poliqonu havanı çirkələndirən əsas məsələdir. Həmin poliqonun müasir poliqon çevrilməsi üçün potensial var. Bəzi hallarda pərakandəlik bu məsələlərə gətirib çıxara bilər. O cəriməni verməkdənsə müəssisə işini düzgün qursun, tullantıları havaya atmasın. Burada cərimə sanskiyaları və maarifləndirmə prosesi bir yerdə getməlidir", - deyə nazir bildirmişdi.