FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qarabağın sonuncu varisi – Xan qızı Natəvanın ürəkdağlayan yadigarı

Təəssüf ki, indi Xan qızının Şuşadakı evinə baxanda ancaq qəzəb və təəssüf hissi keçirmək mümkündür. Ermənilərin Şuşada törətdikləri vandallığı isə Xurşidbanunun timsalında bütün dünya mədəni irsinə qarşı vəhşilik adlandırmaq olar.
Sputnik
Sarayda onu “dürri-yekta” – tək inci çağırardılar. El arasında isə Xan qızı Natəvan deyərdilər. Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlmuşdu. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdi. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi idi.
Kiçik yaşlarından elmə, incəsənətə həvəsli olan Xurşidbanu Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfərində həmin şəhərlərin mədəni həyatına diqqət yetirib. “Məclisi-üns”ün ən dəyərli qonaqlarından olan Xan qızı təkcə qəzəl yazmır, eləcə də rəsm çəkməyə, tikmə sənətinə meyl edirdi. Hətta onun xidmətçisinə musiqi dərsi verərək onu məşhur xanəndə etməsi barədə də məlumatlar var.
Xalq arasında hörmətini isə Xan qızı tək şeir-qəzəli ilə deyil, həm də xeyriyyəçiliyi ilə qazanmışdı. O, 1873-cü ildə Şuşaya su kəməri çəkdirmişdi: bəli, adını tez-tez eşitdiyiniz həmin o "Xan qızı bulağı"nı. Natəvanın Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etməsi barədə məlumatlar var.
Xan qızının Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqda isə həyat yoldaşı Xasay bəy Usmiyev vasitəsilə onunla Bakıda tanış olan məşhur fransız yazıçısı Aleksandr Düma “Qafqaza səyahət” adlı kitabında yazır.
Dahilərin xatirələri tək əlyazmalarında, qoyub getdikləri əsərlərdə deyil, həm də ömürlərini keçirdikləri mənzillərdə də yaşayır. Təəssüf ki, indi Xan qızının Şuşadakı evinə baxanda ancaq qəzəb və təəssüf hissi keçirmək mümkündür.
Natəvanın evi şəhərin ən gözəl binalarından biri hesab olunur və tikililər içində xüsusilə seçilirdi. Zərif tərtibatı ilə fərqlənən evin daxili divarları oyma naxışlarla işlənmişdi.
Binanın ən gözəl guşəsi isə hər iki tərəfdən rəngbərəng şəbəkə ilə bəzədilən qonaq otağı hesab olunurmuş. Tavanının hündürlüyü beş metrə çatan tikili Şuşa qalası yaxınlığındakı təpədə tikilmiş bütöv bir kompleks idi.
1930-cu illərin əvvəllərində bu binada dahi Bülbülün təşəbbüsü ilə Şuşa uşaq musiqi məktəbi yerləşirdi. Sonralar, 1987-ci ildə tam bərpa və təmirdən çıxmış binada Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Qarabağ filialı fəaliyyətə başladı.
Bundan sonra baş verənləri isə Xurşidbanunun timsalında bütün dünya mədəni irsinə qarşı vəhşilik adlandırmaq olar. 1992-ci ildə Şuşanı da işğal edən ermənilər Natəvanın evini, məqbərəsini dağıdıb, qəbrini təhqir edib, hətta sümüklərini də qəbrindən çıxarıb aparıblar.
Bir vaxtlar Şuşanın ən göz oxşayan tikililərindən biri olan Xan qızının sarayından indi yalnız yarıuçuq divarlar qalıb. İşğal müddətində quruyan bulaq isə bu yaxınlarda yenidən şəhər sakinlərinin istifadəsinə verilib.
 
1 / 12
Xurşidbanu Natəvan, oğlu Mehdiqulu və qızı Xanbikə.
2 / 12
Bakıda Xurşidbanu Natəvanın heykəli.
3 / 12
Xurşudbanu Natəvanın məzarı.
4 / 12
Şuşada Xurşidbanu Natəvanın evi. Natəvanın evi şəhərin ən gözəl binalarından biri hesab olunub.
5 / 12
Bir vaxtlar Şuşanın ən göz oxşayan tikililərindən biri olan Xan qızının sarayından indi yalnız yarıuçuq divarlar qalıb.
6 / 12
Şuşada Xurşidbanu Natəvanın heykəli.
7 / 12
Sarayda onu “dürri-yekta” – tək inci çağırardılar.
8 / 12
1992-ci ildə Şuşanı da işğal edən ermənilər Natəvanın evini, məqbərəsini dağıdıb.
9 / 12
Şuşada bərpa edilən “Xan qızı” bulağında.
10 / 12
1930-cu illərin əvvəllərində bu binada dahi Bülbülün təşəbbüsü ilə Şuşa uşaq musiqi məktəbi yerləşirdi.
11 / 12
1930-cu illərin əvvəllərində bu binada dahi Bülbülün təşəbbüsü ilə Şuşa uşaq musiqi məktəbi yerləşirdi.
12 / 12
Şuşada Xurşidbanu Natəvanın heykəli.