BAKI, 6 avqust — Sputnik. İşğaldan azad olunmuş Laçına uzunluğu 23 km olan yolun tikintisinə artıq başlanılıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinq zamanı bildirib.
Onun sözlərinə görə, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq.
"Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq", - deyə o bildirib.
H.Rüstəmov bildirib ki, gələcəkdə bu istiqamətdə yeni layihələrin hazırlanması gözlənilir və bu barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, son olaraq açıqlanan məlumata görə, "Zəfər yolu"nun 2021-ci ilin sentyabrın axırı-oktrabrın əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqdan ibarət olacaq.
Eləcə də oxuyun:
"Zəfər yolu" bu ilin payızında istifadəyə veriləcək