MƏDƏNİYYƏT

Dünyanın memarlıq paytaxtı hara olacaq?

Beş il ərzində Barselonada bir neçə böyük memarlıq hadisəsi baş verəcək: Müqəddəs Ailə məbədinin inşası tamamlanacaq və İspaniya Memarlıq və Şəhərsalma biennalesi keçiriləcək.
Sputnik
BAKI, 5 avqust — Sputnik. Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu ad UNESCO tərəfindən müəyyən edilir. Barselona "Bu gün də yeganə, sabah da" davamlı şəhər mühiti layihəsi ilə bu ada layiq görülüb.
Beləliklə, beş ildən sonra Kataloniya paytaxtında Beynəlxalq Memarlar İttifaqının Ümumdünya Konqresi keçiriləcək. Bu beş il ərzində Barselonada bir neçə böyük memarlıq hadisəsi baş verəcək: Müqəddəs Ailə məbədinin inşası tamamlanacaq və İspaniya Memarlıq və Şəhərsalma biennalesi keçiriləcək.
Məlumat üçün bildirək ki, İspaniyanın Barselona şəhərində yerləşən Müqəddəs Ailə (Familia Sagrada) inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranıb. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınıb, 1882-ci ildə isə məbədin inşasına başlanıb. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlayıb. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir.
1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşıb, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik edib. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılıb. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlib. 1892-ci ildə Qaudi Mövlud fasadı üzərində işə başlayıb. 1910-cu ildə gələcəkdə inşa olunacaq mərkəzi fasadın yerində müvəqqəti kilsə məktəbinin binası tikilib. Bu tikili nadir konstruksiyaya malikdir.
1911-ci ildə memar İsa peyğəmbərin edamından bəhs edən fasadın planını hazırlayıb. Lakin onun tikintisinə yalnız Qaudinin ölümündən sonra başlanılıb. 1925-ci ildə isə 100 metrlik zəng qülləsi inşa edilib. Bu, dahi memarın yaşadığı müddətdə inşa edilmiş yeganə zəng qülləsi olub.
Məbəd beşnefli abidədir. Son layihəyə əsasən, kilsənin on səkkiz qülləsi olmalıdır. Bu qüllələrin on ikisi həvarilərə həsr edilib.