Bakıdan İsmayıllı, eləcə də digər şimal-qərb rayonlarına hərəkət edən yolçular yəqin ki, avtomobil yolunun kənarında duraraq əlində fındıq satan bu gənci tanımamış olmazlar. Tanıyanlar üçün təkrarda fayda var deyək, tanımayanlar üçün isə bu gənci tanıdaq. Şamaxı rayon Qərəvəli kənd sakini 27 yaşlı Teyyub Nağıyev. Vətən müharibəsi başlayan günədək həyətində yetişdirdiyi məhsulları yol kənarında satmaqla ailəsini dolandıran qəhrəmanımız, döyüşlərin başladığı ilk günlərdən ordu sıralarına qatılıb. Müharibənin ilk günlərində Goranboy rayon Ağcakənd istiqamətində N saylı hərbi hissəyə göndərilib. Orada 3 gün qaldıqdan sonra Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüşlərdə iştirak edib. Talış kəndi alınandan sonra, Suqovuşan və Murovdağ istiqamətində döyüşlərin iştirakçısı olub.
2020-ci ilin dekabrın 31-də müvafiq sərəncamla ehtiyata buraxılan Teyyub yenidən öz işinin başına qayıdaraq yol kənarında mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsularının satışını həyata keçirir. Qəhrəmanımız döyüşlərdən qayıdandan bir neçə gün sonra Şamaxı rayon məşğulluq mərkəzinə müracəit edib. Dərhal qeydiyata alınan Teyyuba iki həftə öncə baş iri buynuzlu inək verilib. Günün bir neçə saatını yol kənarında məhsul satmaqla qazanc əldə edən Teyyub Nağıyevin ən böyük arzusu ,sevdiyi peşə ilə məşğul olmaq və evinin yarımçıq qalan tikintisini tamamlamaqdır.
Ümid edək ki, imkanlı şəxslər qəhrəmanmızın yarımçıq qalan evinin inşasına yardım etməklə onun sevinməsinə səbəbkar olacaqlar.