BAKI, 5 avqust - Sputnik. Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan xəbər verir ki, söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.
Makron Putinlə də Qarabağ məsələsinin müzakirə edib
Xatırladaq ki, iyulun 3-də Rusiya və Fransa liderləri Vladimir Putinlə Emmanuel Makron arasında telefon danışığı baş tutub.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Fransa tərəfinin təşəbbüsü ilə gerçəkləşən telefon söhbətində beynəlxalq məsələlərdə Rusiya ilə Fransanın əməkdaşlığı ətraflı müzakirə edilib.
Söhbət əsnasında Avropada sabitlik və təhlükəsizlik mövzusuna xüsusi diqqət yetirilib. Prezidentlər Ukraynanın cənub-şərqindəki vəziyyəti, Liviya münaqişəsini və Qarabağ ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Rusiya-Aİ əlaqələrinin durumu və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
RF prezidenti Fransa dövlət başçısına Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişi barədə məlumat verib. Vurğulanıb ki, Rusiya sülhməramlılarının mövcudluğu sayəsində bölgədə vəziyyət sabit olaraq qalır. Normal təsərrüfat fəaliyyətinin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün ilkin şərtlər yaradılıb.
Rusiya lideri bölgənin hərbi əməliyyatlardan zərər çəkən əhalisinin humanitar problemlərinin həllində avropalı tərəfdaşların və xüsusilə də Fransanın daha yaxından iştirakının vacibliyinə diqqət çəkib. ATƏT-in Minsk Qrupu daxil olmaqla, Qarabağ məsələsinin tənzimlənməsinin fərqli aspektləri üzrə əlaqələndirməyə qarşılıqlı hazırlıq ifadə edilib.