BAKI, 4 avqust — Sputnik. Rusiya Federasiyasının Müdafiə Nazirliyi koronavirus infeksiyasına qarşı "Sputnik V" peyvəndinin yaradılmasında ilk gündən iştirak edib. Bu sözləri Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu "Komsomolskaya Pravda" qəzetində müsahibəsində deyib.
O, xatırladıb ki, məhz hərbi mütəxəssislər hələ 2015-ci ildə Rusiya prezidentinin tapşırığı ilə Ebolaya qarşı hazırlanan peyvəndi uğurla sınaqdan keçiriblər.
"Eyni hərbi mütəxəssislər "Sputnik V" peyvəndinin yaradılmasına cəlb olunublar. Ötən ilin yazında 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu Qamaleya adına İnstitutla birlikdə vaksinin heyvanlar üzərində kliniki tədiqatlarını aparıblar. Onlar vaksinin səmərəliliyini və təhlükəsizliyini sübut ediblər", - deyə Şoyqu bildirib.
Şoyqu bildirib ki, 2020-ci ilin may ayında bu tədqiqatların nəticələri barədə Rusiya Prezidentinə məlumat verilib. Ötən ilin iyunun 1-nə qədər Burdenko adına Baş Hərbi Klinik Hospital və Seçenov adına Tibb İnstitutunun klinikasında klinik sınaqlar aparmaq üçün hərbi və mülki könüllülərdən ibarət qruplar yaradılıb.
"Araşdırmalar peyvəndin yüksək effektivliyini və təhlükəsizliyini təsdiqləyib. Ötən ilin avqust ayında qeydiyyata alınıb və hazırda hərbçilərin, eləcə də ölkə vətəndaşlarının peyvənd edilməsi üçün fəal istifadə olunur", – deyə Şoyqu xatırladıb.
O, həmçinin hərbi mütəxəssislərin SARS-CoV-2 koronavirusunun mövcudluğunu müəyyənləşdirən test sistemlərinin hazırlanmasında necə iştirak etdiklərini də izah edib.
Şoyqu qeyd edib ki, 2019-cu ilin sonlarında Çin mütəxəssisləri yeni koronavirusun genomunun tam deşifrlənməsinin nəticələrinin dərc ediblər.
"Bu məlumatın ortaya çıxmasından sonrakı iki həftə ərzində Radiasiya, kimyəvi və bioloji (RKB) qoşunlarının və Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssisləri onun xassələrini öyrəniblər, həmçinin xəstəliyin törədicisinin müəyyən edilməsi üçün lazım olan PCR dəstini toplayıblar", - deyə müdafiə naziri bildirib.
"Test sistemləri operativ olaraq qeydiyyata alındı və qoşunlarda koronavirus ocaqlarının vaxtında müəyyənləşdirilməsi üçün onların istehsalı təşkil edildi. Bundan əlavə, o zaman Müdafiə Nazirliyindən mülki səhiyyəyə əhəmiyyətli həcmdə - on minlərlə testin köçürülməsi təmin edildi", - Şoyqu deyib.
Eləcə də oxuyun:
Dünyanın nəhəng ölkələrindən biri COVID-19 pasportu tətbiq etməyəcək
İnfeksionist: COVID-19 peyvəndi postkovid sindromundan qoruyur
Peyvəndə qarşı əks göstərişi olanlar üçün imtiyazlara dair qaydalar hazırlanır