Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.
Həmçinin, Astara şəhərində fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada baş vermiş yanğın söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.