BAKI, 2 avqust — Sputnik. Google korporasiyası köhnə Anrdoid versiyalarında işləyən smartfon və planşetlərdəki akkauntlara girişi bağlamaq qərarına gəlib. Bu barədə RİA Novosti məlumat verir.
Köhnə Android versiyaları ilə işləyən smartfonlar sentyabrın 27-dən Google-da qeydiyyatdan keçə, profillərinə, bəzi servislərə daxil ola bilməyəcəklər. Məhdudiyyətlər Gmail, YouTube və Maps kimi tətbiqlərə aiddir.
Qərar Android 1.0, 1.1, 1.5 Cupcake, 1.6 Donut, 2.0 Eclair, 2.2 Froyo və 2.3 Gingerbread-la işləyən qurğulara aiddir. Sonuncunun ən müasir versiyası (2.3.7) 2011-ci il sentyabrında buraxılıb.
Google-da qeyd ediblər ki, bu addım istifadəçilərin təhlükəsizliyinin təmin olunması naminə atılır. Məhdudiyyətlərdən yan keçmək mümkün olmayacaq – köhnə qurğuların istifadəçilərinə daha aktual tətbiqlərə yenilənməyi məsləhət görürlər.
Google şirkəti
Google dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən transmilli şirkətidir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc və Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt 4 sentyabr 1998-ci ildə qurulub
Android əməliyyat sistemi
Android smartfonlar, planşetlər, elektron kitablar, rəqəmsal pleyerlər, rəqəmsal qol saatları, fintes qolbaqlar, oyun konsolları, noutbuklar, netbuklar, smartbuklar, Google Glass eynəkləri, televizorlar, proyektorlar, avtomobil əyləncə sistemləri, məişət robotları üçün əməliyyat sistemidir.
Əməliyyat sistemi əvvəlcə Android, Inc. şirkəti tərəfindən hazırlanıb. Sonradan bu şirkəti Google alıb.