BAKI, 1 avqust - Sputnik. Ege dənizində 5.5 bal gücündə zəlzələ baş verib.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:31-də Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə qeydə alınıb. Zəlzələnin episentri Datça sahillərinə 41.22 km məsafədə yerləşir.
Bölgədə gecə boyunca əvvəl 4.5, ardından da 3.8 və 4.2 bal gücündə 3 zəlzələ baş verib.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Türkiyə Daxili işlər nazirinin müavini İsmayıl Çataklı "Twitter" hesabında Datçada baş vermiş 5.5 bal gücündə zəlzələ ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, "hazırda hər hansı xoşagəlməz halın baş verdiyi barədə məlumat yoxdur və bölgədə dəymiş zərərlə bağlı araşdırmalar davam edir".
Türkiyədə meşə yanğınları və yardımlar
Qeyd edək ki, son 5 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 6 nəfər dünyasını dəyişib.
Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.
Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.
Yanğınsöndürənlər 2 qrupa ayrılaraq hazırda Marmaris bölgəsində yanğınların söndürülməsini həyata keçirirlər.
Həmçinin oxuyun:
* Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər
* Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir