CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naftalanda təkcə müalicəvi neft deyil, həm də zəngin tarix yatırmış

Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində yerləşən Qalaboynu çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntılar zamanı abidənin üst təbəqəsinin orta əsrlər dövrünə, alt təbəqənin isə tunc dövrünə aid olduğu məlum olub.
Sputnik

BAKI, 31 iyul — Sputnik. Naftalan dünyada müalicəvi nefti, turizm şəhəri kimi tanınır. Amma burada aparılan arxeloji qazıntılar zamanı bu şəhərin qədim tarixə malik olduğu da üzə çıxıb.

Sputnik Azərbaycan xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynovun rəhbərlik etdiyi Naftalan-Goranboy arxeoloji ekspedisiyası tərəfindən ötən il aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhəri Qaşaltı Qaraqoyunu kəndi ərazisində çoxtəbəqəli Qalaboynu yaşayış yeri aşkarlanıb.

Yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Abidənin yerləşdiyi təpə ətraf kəndlərin əhalisi tərəfindən Qalaboynu adlandırılır. Ərazinin yerli əhali tərəfindən Qalaboynu adlandırılması, abidənin quruluşu və aşkar olunan maddi mədəniyyət nümunələrinə əsasən buranın Qala tipli yaşayış yeri olması ehtimalını ortaya çıxarır.

Naftalan-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri Müzəffər Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bu il ərazidə aparılan tədiqatlar zamanı orta əsrlər dövrünə aid mədəni təbəqədən qaya daşından və qırmızı bişmiş kərpicdən tikili qalıqlarına, dulus kürəsinə, ocaq yerlərinə, təndirlərə, təsərrüfat quyularına, üzəri şirli və sadə üsulla hazırlanmış zəngin saxsı məmulatına rast gəldiyini deyib:

"Abidənin xarakter və xüsusiyyətini öyrənmək üçün, burada qazıntı işlərinin aparılması vacib idi. Buna görə də biz 20 günə yaxındır ki, burada arxeoloji işlərə başlamışıq. Qazıntılar zamanı bizə məlum oldu ki, abidənin üzərindəki ilk 50-60 sm-lik qat orta əsrlər dövrünə aiddir. Ondan aşağı təbəqədə isə son tunc, xüsusən son tunc-erkən dəmir dövrünə rast gəldik. Orta əsrlər dövründə təsərrüfat quyuları və kürə yerləri, eyni zamanda təndirlər, alt qatın təbəqəsini yarıb keçib. Ona görə biz alt qatlarda 50 sm-dən aşağı bəzi yerlərdə o saxsı məmulatlara qarışıq şəkildə rast gəldik."

Abidənin yerləşdiyi ərazi təbii-coğrafi baxımdan çox əlverişli yerdədir. Yaşayış yerinin ətəyindən vaxtilə bol sulu çay keçib. Qədim çay yatağının ətrafı eneolit dövründən başlayaraq, orta əsrlərə qədər olan 6 min illik tarixi özündə əks etdirən yaşayış yerləri və qəbir abidələri ilə zəngindir. Müzəffər Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında ölkəmizdə qədim dövrə aid abidələrin bir ərazidə bu qədər sıx yerləşdiyi ikinci bir məkanı təsəvvür etmək çətin olduğunu deyib:

Naftalanda təkcə müalicəvi neft deyil, həm də zəngin tarix yatırmış

"Ümumiyyətlə tapıntılar hər biri bizim üçün yenidir. Arxeoloq üçün bunlar əvəsizdir. Diqqətimizi çəkən əsas materiallar, orta əsrlər dövrünə aid xüsusi təsvirlərin olmasıdır. Bəzi yerlərdə həm at, həm əjdaha təsvirləri, digər heyvan rəsmlərinin kompozisiyası diqqət çəkir. Bundan başqa, yüz kvadratmetrlik bir ərazidə həm təndirin, həm də kürələrin və təsərrüfat quyularının içindən çox zəngin arxeoloji materiallar aşkar olunur. Bundan başqa, abidənin çoxtəbəqəli olması daha çox diqqətimizi çəkir."

Həmçinin abidənin ətrafında tunc dövrünə aid Osmantəpə kurqanları, Hacallı kurqanları, Tatarlı kurqanları, Səfikürd kurqanları, Muncuqlutəpə ilk dəmir dövrü nekropolu, Göl yeri, eneolit və ilk tunc dövrünə aid yaşayış yeri, digər qədim dövrlərə aid yaşayış yerləri və qəbir abidələri yerləşir. Bu isə Naftalan şəhərinin dünyada analoqu olmayan müalicəvi nefti ilə yanaşı, həm də böyük arxeoloji turizm potensialına malik olduğunu göstərir.

Qalaboynu çoxtəbəqəli qədim yaşayış məskənində qazıntı işləri davam etdirilir.