"Uzun sürən oyun": ABŞ senatorlarının "Şimal axını-2" ilə bağlı ultimatumları

On iki respublikaçı senator Ağ Evi təhdid edərək "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyaların tətbiq olunmasını tələb ediblər.
Sputnik

BAKI, 29 iyul — Sputnik. ABŞ-ın respublikaçı senatorlarının bir qrupu "Şimal axını-2" ilə əlaqədar olaraq Maliyyə Nazirliyinə yeni təyinatlara mane olacaqlarını bildiriblər. Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov Sputnik radiosuna müsahibəsində vəziyyətə münasibət bildirib.

12 nəfər respublikaçı senatordan ibarət qrup ABŞ Maliyyə Nazirliyini və Ağ Evi təhdid edərək "Şimal axını-2" layihəsinə qarşı yeni sanksiyaların tətbiq olunmasını tələb ediblər.

“Bloomberg” agentliyi həmin məktubdan çıxarışları dərc edib:

"Şimal axını-2" qaz kəməri Birləşmiş Ştatların, eləcə də bizim müttəfiq və tərəfdaşlarımızın milli təhlükəsizliyinə birbaşa zərər vurur. Bu layihə başa çatacağı təqdirdə Vladimir Putinin Avropaya zərərli təsiri artacaq, Ukraynadakı kövrək sabitliyin pozulmasına gətirəcək və Rusiyanın təcavüzünün davam etməsinə şərait yaradacaq", – deyə məktubda deyilir.

Respublikaçı senatorlar, Ağ Ev administrasiyasının "qaz kəməri ilə bağlı mövqeyini dəyişməyəcəyi və layihəyə qarşı sanksiyalar tətbiq etməyəcəyi təqdirdə" Maliyyə Nazirliyinə iki nəfərin təyinatına mane olacaqlarını bildiriblər.

Bundan bir gün əvvəl “Nord Stream2 AG”-nin operatoru bildirib ki, qaz kəməri artıq 99% hazırdır.

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov Sputnik radiosunun efirində belə bir fikir səsləndirib ki, Rusiyanın qaz kəmərinə qarşı fəaliyyət ABŞ-da daxili siyasi mübarizə alətinə çevrilib.

"Bu, uzun sürən oyundur. Biz hazırda demokratlarla respublikaçıların yerlərini necə dəyişdiyini görürük: indi demokratlar öz mövqeyini müdafiə etməli, "Kremlin agentləri" olmadıqlarını sübut etməlidirlər. Halbuki özləri əvvəllər respublikaçıları bunda ittiham edirdilər. Belə çıxır ki, indi onlar özləri "agent"lərə çevriliblər.

Birləşmiş Ştatların daxilində müxtəlif mövqelərin olmasına, ölkənin gələcəyini təkcə prezidentin müəyyən etmədiyinə gəldikdə isə, bu məlumdur. Belə mövqe nümayiş etdirənlər müxtəlif təzyiq tədbirlərinə əl atacaqlar və bu, "Şimal axını-2" tamamilə inşa edilib işə salınana qədər davam edəcək. Layihə isə tezliklə işə salınacaq – oyun da elə bunun üstündədir. Odur ki Maliyyə Nazirliyinə təyinatların vaxtı uzanacaq. Bu, Birləşmiş Ştatlarda nüfuz uğrunda mübarizədir", - deyə Solonnikov bildirib.