SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramovla Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı olub

Söhbət zamanı Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.
Sputnik

BAKI, 29 iyul - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan-Ermənistan sərhədindəki gərginlik

İyulun 29-na olan məlumat

11:10

Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

Ermənistan tərəfi son saatlarda guya Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində erməni hərbçinin yaralandığı barədə məlumat yayıb.  

09:10

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İyulun 28-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

09:57

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. 

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İyulun 27-də dövlət sərhədində baş verənlər

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 26-da dövlət sərhədində baş verənlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

İyulun 25-də dövlət sərhədində baş verənlər

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 24-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

11:07

Hazırda Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. 

"Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır", - məlumatda qeyd olunur.

03:23

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

İyulun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.