BAKI, 28 iyul — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu "National Interest" saytında "Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi" başlıqlı məqaləsi dərc olunub. Bu barədə Sputnik Azərbaycan-a BMTM-dan daxil olan məlumatda bildirilir.
Məqalədə ilkin səbəb kimi göstərilir ki, əslində 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi əslində "miatsum", yəni Ermənistanla birləşmək idi. Bu hərəkət Ermənistan tərəfindən dəstəklənən irredentist bir siyasət idi və xalqların öz müqəddəratını təyin haqqını nəzərdə tutmurdu. Müəlliflər digər səbəb kimi qeyd edirlər ki, 1923-cü ildə Sovet hakimiyyəti tərəfindən muxtariyyət hüququ yalnız ermənilərə deyil, regionda yaşayan bütün xalqlara verilmişdi: "Lakin 1988-ci il fevralın 20-də keçmiş DQMV Milli Şurasında azərbaycanlıların iştirak etmədiyi bir iclasda ermənilər regiona verilən statusdan sui-istifadə edərək Azərbaycan və Sovet İttifaqı Konstitusiyasına zidd olaraq ayrılma qərarı aldılar".
Üçüncü səbəb kimi bildirilir ki, Bakı Qarabağda yaşayan ermənilərin bu tələblərinə 1991-ci ilə qədər səbir göstərərək məsələni həll etməyə çalışıb, lakin Ermənistan SSR Parlamenti 1989-cu il dekabrın 1-də DQMV-ni özünə birləşdirmək üçün qeyri-qanuni qərar qəbul edib: "Nəticədə davam edən müzakirələrin nəticəsizliyi ermənilərin regionda yaşayan mülki əhaliyə hücumu ilə davam etdi. Azərbaycan Parlamenti 1991-ci il noyabrın 26-da DQMV-ni ləğv etdi. Qısacası, hazırda Azərbaycan qanunlarına görə, belə bir muxtar region yoxdur".
Dördüncü səbəb olaraq qeyd edilir ki, ermənilərin iddialarının əksinə olaraq Sovet İttifaqı konstitusiyasına görə, muxtar regionların öz müqəddəratını təyin hüququ yox idi və bu hüquq sadəcə 15 respublikaya verilmişdi.
"Beşinci, beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratını təyin hüququ vermir. Çünki Azərbaycanda yaşayan ermənilərin "xalq" statusu yoxdur. Bununla birlikdə istər beynəlxalq təşkilatların aldığı qərarlar, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri" haqqında qərarı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu sübut edir.
Altıncısı, Sovet İttifaqı dövründə alınan qərarı sui-istifadə edən ermənilər regionda iki müharibənin yaşanmağına və minlərcə insanın ölümünə səbəb oldu. Onlara veriləcək hər hansı bir status regionda yeni müharibələrin yaşanmağına yol aça bilər.
Yeddincisi, Birinci Qarabağ müharibəsindən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Ondan sonra davam edən diplomatik müzakirələrdə Azərbaycanın status təklifləri oldu, lakin Ermənistan tərəfi bunları qəbul etmədi. Nəticədə 2020-ci il müharibəsi yaşandı və geosiyasi reallıq dəyişdi. Artıq yeni bir statusdan söz gedə bilməz",- deyə məqalədə qeyd olunur.
Müəlliflər səkkizinci səbəb olaraq yazırlar ki, Prezident İlham Əliyevin dediyi kimi, son rəqəmlərə görə, regionda 20-25 min arası erməni yaşayır. Bu Azərbaycan əhalisinin 0.2 faizi deməkdir: "Azərbaycan çoxetnikli bir dövlətdir və Azərbaycanda sayları ermənilərdən daha çox olan etnik xalqlar yaşayır. Digər etnik xalqlar öz mədəni və dini hüquqlarını azad bir şəkildə istifadə edə bilirlər. Bu səbəbdən ermənilər də dini və mədəni hüquqlarından digər xalqlar kimi istifadə edə bilərlər".
Doqquzuncu səbəb kimi bildirilir ki, ermənilər regionda yalnız Azərbaycanda yaşamırlar və ətraf ölkədə yaşayan ermənilərə xüsusi status verilməyib. Eyni ilə ətraf ölkələrdə yaşayan azərbaycanlılara da xüsusi status verilməyib.
Sonuncu səbəbdə qeyd olunur ki, Azərbaycanda yaşayan ermənilər üçün xüsusi status tələb edənlərin məqsədi məsələni həll etmək deyil, onların məqsədi problemi dərinləşdirmək və gələcəkdə müdaxilə edə biləcəkləri sahə yaratmaqdır.
Eləcə də oxuyun:
Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq - İlham Əliyev
Bakıdan növbəti xəbərdarlıq: ""Dağlıq Qarabağ" olmadığı kimi "status" məsələsi də yoxdur"