BAKI, 28 iyul – Sputnik. Şimali Qafqazda, Rusiyanın ən çoxmillətli bölgəsində enerji defisiti müşahidə olunur, analoji vəziyyət İranda da hökm sürür, buna görə də Azərbaycan hazırda bu regionlar üçün əsas elektrik enerjisi donorudur. Bu barədə Geoenergetika.info analitik jurnalının baş redaktoru Boris MartsinkeviçSputnik Azərbaycan Multimedia mətbuat mərkəzinin təşkil etdiyi onlayn konfransda deyib.
“Rusiya üçün Azərbaycanın elektrik enerjisi var, çünki təəssüf ki, belə alınıb ki, Şimali Qafqazda enerji defisiti yaşanır. Ona görə də saldoya baxsaq, o, Azərbaycan üçün müsbətdir, bu da ölkədə hasil olunan qazın həcmi ilə elektrik stansiyalarının gücünə baxdıqda tamamilə izaholunandır. Bundan başqa, sistemlər sinxronlaşdırılmasa da, Azərbaycanın elektrik enerjisinin İrana ötürüldüyü iki xətt var”, - ekspert deyib.
Onun sözlərinə görə, İran üçün bu cür əməkdaşlıq sərfəlidir, çünki hazır məhsul almaq imkanı varsa, ölkənin şimalında özünün elektrik stansiyasını tikməyə gərək qalmır. Məhz bundan çıxış edərək də “Şimal-Cənub” enerji layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılaşma imzalanıb.
“Bu xətlər Rusiya, Azərbaycan və İran arasında elektrik enerjisinin hər iki tərəfə ötürülməsi üçün rahatdır. Bu layihəni gücləndirmək olar və lazımdır. Elektrik enerjisi tədarük olunsa, İran buna ancaq şad olacaq”, - Martsinkeviç deyib.
Azərbaycanın elektrik ehtiyatı bəs edəcəkmi
Ekspertin fikrincə, digər məsələ Azərbaycanın bu layihənin öhdəsindən gələ bilməsidir. Çünki işğaldan azad edilmiş ərazilərin bərpası üçün xeyli həcmdə elektrik enerjisi gərəkdir.
“Həmin ərazilərdə mühəndis tikintiləri yoxdur, yollar dağılıb, mövcud elektrik stansiyalarının ciddi problemləri var. Azərbaycanın öz problemləri də az deyil. İstərdik ki, Rusiya elektrik enerjisinin tədarük olunması ilə Azərbaycanda yaranan problemlərin həllinə kömək olsun. Bunun üçün Dağıstanda yeni enerji güclərinin inşasına investisiyaların aktiv cəlb olunması gərəkdir. İnanmaq istərdik ki, Rusiya, Azərbaycan və İran energetika nazirliklərinin nümayəndələrindən olan işçi qrup bu istiqamətdə işlər görəcək”, - ekspert vurğulayıb.
Enerji defisitinin öhdəsindən gəlməkdə Rusiya İrana yardım edir
İranda hazırda kəskin enerji çatışmazlığı müşahidə olunur – Buşəhr AES-in növbəti enerji bloklarının tikintisi elə-belə davam etmir ki. Məhz bu səbəbdən Rusiya dövlətlərarası kredit təqdim edərək nəhəng qaz elektrostansiyasının tikintisinə başlayıb, ancaq bütün bunlar İranın daha çox inkişaf etmiş cənubunda baş verir, Martsinkeviç deyib.
“İranin şimal əyalətlərində mövcud imkanlardan aktiv yararlanmaq üçün tədarükü artırmaq lazımdır. İndi şərait belədir ki, Rusiyanın özünün Dağıstan ərazisində enerji gücləri yoxdur”, - ekspert bildirib.
Rusiya şirkətləri Qarabağın potensialını dəyərləndirməlidirlər
Martsinkeviç hesab edir ki, çaylarla bol olan dağlıq ərazi Qarabağda kiçik HES-lər tikməyə imkan verir ki, bu da Azərbaycan üçün çox sərfəlidir.
“Kiçik su-elektrik stansiyaları tikmək çox asandır, çünki dağ yerində baha başa gələn elektrik xətləri çəkməyə gərək qalmır. Bu cür HES-ləri elektrik enerjisinə ehtiyacı olan obyektlərin yanında tikmək olar. Üstəlik, onların layihəsi də tez hazırlanır, özləri də tez başa gəlir. Ümid edirəm ki, Rusiya şirkətləri hazırda Azərbaycanın təqdim etməyə hazır olduğu potensialı dəyərləndirə biləcəklər", - Martsinkeviç söyləyib.
Eləcə də oxuyun:
Sıxılmış təbii qazın pərakəndə satışı neçəyədir və sərfəlidirmi?
Ümidverici proqnozlar, RF şirkətlərinin nümayəndələri Bakıda - İqtisadi yekunlar
Rusiyanın işgüzar missiyası: ixracatçılar Azərbaycana nə təklif edəcəklər?
İşğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı yekun layihə hökumətə təqdim olunub