BAKI, 27 iyul — Sputnik. Ətraf mühitə olan mənfi təsirlər üzərində müntəzəm nəzarət imkanlarının yaradılması məqsədilə AZS ISO 14001:2021(az) “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı təsdiq edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, ISO 14001 beynəlxalq standartın son versiyasına əsaslanan standartın layihəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı ilə hazırlanıb. Yeni dövlət standartının qüvvəyə minməsi ilə əlaqədar AZS 835-2015 (ISO 14001-2004) “Ətraf mühitin idarəetmə sistemləri. İstifadə üçün təlimata dair tələblər. Prinsiplər və struktur” və AZS 054-2001 “Ətraf mühitin idarəetmə sistemləri. Tətbiq etmə üzrə təlimat və tələblər” dövlət standartları qüvvədən düşüb.
Yeni standartın tətbiqi enerjidən və sudan istifadənin səmərəliliyinin artırılmasına, qanunvericiliyin tələblərinin sistemli şəkildə yerinə yetirilməsinə və ətraf mühitin qorunmasına xidmət edəcək.
Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair təsdiq edilən Tədbirlər Planına əsasən hazırlanıb.
Eləcə də oxuyun:
Daha Binəqədini su basmayacaq, kanalizasiya xətləri də kollektora birləşdiriləcək
Əsrik dərəsi "alpinist", pul, səlahiyyət və mədəniyyət axtarışında
ETSN-nin xidmət rəisi: “Məlumat alınan günü orada iş dayandırılıb”
Haftoni meşəsini xilas etməli: ETSN ağacları qıran şirkətlə müqaviləyə xitam verir