Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır

Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir.
Sputnik

BAKI, 27 iyul — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzdən məlumat verilib.

Məlumata görə, V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin qəbul etdiyi Strateji Yol Xəritələrinin icrası çərçivəsində yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın sahibkarlığı sahəsində təşəbbüskarlığın artırılmasında, sahibkar qadınların maraqlarının qorunmasında, şəffaflıq və sosial məsuliyyət prinsipləri əsasında onlara biznes xidmətlərinin göstərilməsində mühüm rol oynayır:

"2020-ci ildə 174329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan 9230-u kommersiya hüquqi şəxs, 165099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir".

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin əhəmiyyətini qeyd etməklə yanaşı, həm də vergi, gömrük, kredit, sığorta və s. sahələrdə təkliflərini təqdim edib. V.Qasımlı dövlət-özəl dialoqu çərçivəsində verilən təkliflərin islahat gündəliyini zənginləşdirəcəyinə inamını ifadə edib.

İİTKM-in innovativ layihələri olan Azexport, Rəqəmsal Ticarət Qovşağı və http://EnterpriseAzerbaijan.com portalı ilə AQSİA arasında əməkdaşlıq imkanları müzakirə edilib. AQSİA-nın nümayəndə heyəti həmçinin İİTKM-in nəzdində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyətilə yaxından tanış olublar.