Restoranların qara günləri: Polis reydləri və yüksək cərimələr

"Dörd fəsil" restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Sputnik

BAKI, 26 iyul — Sputnik. Daxili İşlər Nazirliyi tərəfindən restoran və şadlıq saraylarının monitorinqləri davam edir. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bir neçə ərazidə də monitorinqlərin aparıldığı qeyd olunub.

Abşeron rayonunda karantin qaydalarını pozan restoran sahibi və toyun təşkilatçısı cərimələnib

Belə ki, Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Ceyranbatan qəsəbəsi ərazisində yerləşən "Ovqat" restoranında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi, masalarda qonaqların sıx əyləşdirilməsi müəyyən olunub. Həmin obyektin sahibi və məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.

Astarada karantin qaydalarını pozan obyekt sahibləri və toy təşkilatçıları cərimələnib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı "Maricel" və "Astara" restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. "Maricel" restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, "Astara" restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.

Lənkəranda karantin qaydalarını pozan daha bir obyektin sahibi barəsində cinayət işi açılıb, digəri isə 4000 manat cərimələnib

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı "Dörd fəsil" və "Şirinlər" restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub. "Dörd fəsil" restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub, "Şirinlər" restoranının sahibi barəsində isə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, bir neçə gün öncə də aparılan monitorinqlər zamanı bir neçə bu kimi hal aşkarlanıb. Beyləqan Rayon Polis Şöbəsinin və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarına riayət olunması məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyənləşdirilib.

Ötən həftə Ağcabədi rayonunda da şadlıq sarayında keçirilən toyda pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.