İQTİSADİYYAT

Manatın dövretmə sürətinə hansı amillər təsir edib? – ekspert şərh edir

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir
Sputnik

Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Bu, iyunun 1-i ilə müqayisədə 0,22 bənd çox, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən il iyulun 1-i ilə müqayisədə isə 0,22 bənd azdır.

İqtisadçı ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, manatın dövretmə sürətinin artması müəyyən qədər pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlıdır: “Bura həm də şəffaflaşma ilə bağlı görülən tədbirlərin təsirini də aid etmək olar. Bu baxımdan müəyyən qədər artım müşahidə edilməkdədir. Amma biz bu sürət artımını əvvəlki illərlə müqayisə etsək, o qədər də çox böyük artımdan söhbət getmir. Son illərdə qeyri-neft iqtisadiyyatında nisbətən daha sürətli artım qeydə alınır. Burada manatın dövretmə sürəti neft sektoru ilə müqayisədə daha yüksəkdir. Amma düşünürəm ki, maliyyə, bank sektorunun tam inkişaf mərhələsinə daxil ola bilməməsi, iqtisadiyyatın müəyyən qədər risklər qarşısında olması manatın dövretmə sürətini orta göstəriciyə yaxınlaşdırmasının qarşısını alan məsələlərdir”.

Rəşad Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz