Lukaşenko azərbaycanlı səfirə: "Ümid edirəm ki, Belarus hər zaman qəlbinizdə qalacaq"

Prezident Aleksandr Lukaşenbko deyib ki, Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.
Sputnik

BAKI, 26 iyul — Sputnik. Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

"Nəsə pis bir ənənədir: bizim ən yaxşı dost səfirlər yola düşür və sizdən sonra gələnlərin bizim yaxşı dostlarımız olacağına ümid edirik. Biz sizin səlahiyyət müddətinizdə olduğu kimi Azərbaycanla ən xoş münasibətlər qura biləcəyik. Azərbaycanla yaxşı əlaqələrimizin olacağına şübhə etmirəm, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacardıq", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti hər iki ölkənin xalqları arasında xoş, mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb: "Biz bunu tez-tez qardaşlıq münasibətləri adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Bu işdə sizin də payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Mən çox ümid edirəm ki, bundan sonra həyatınızın növbəti mərhələsində harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq".

Lukaşenko Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında gərginləşən münaqişədən narahatlıq keçirdiyini söyləyib: "Əsasən Azərbaycanın və sizin prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, sülhə gedən yol yeni başlayıb".

Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafından danışan Aleksandr Lukaşenko, Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu qeyd edib. O, Belarusa karbohidrogen xammalı tədarükünə görə Azərbaycan tərəfinə təşəkkür etdi.

Belarus Prezidenti ilə görüşdən sonra Lətif Qəndilov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin möhkəm təmələ sahib olduğunu, ölkələrin hər zaman irəliyə baxdıqlarını və özləri üçün vacib hədəflər qoyduqlarını bəyan edib: "Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri həyata keçirə bildik. Bizim həll olunmamış məsələlərimiz, həll olunmamış problemlərimiz yoxdur. Belarus bizim üçün qardaş dövlətdir. Bu dövlətin nüfuzu çox yüksəkdir. Həmişə sizinlə olmuşuq və olacağıq".