SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin Moskva səfəri, RF ilə artan əlaqələr, sərhəddə gərginlik - Həftənin icmalı

Bu həftə dövlət başçısının gözlənilməz Rusiya səfəri, sərhəddə silahlı toqquşmayadək artan gərginlik və digər hadisələrlə yadda qaldı.
Sputnik

BAKI, 25 iyul — Sputnik. Geridə qalan həftə də siyasi hadisələrlə zəngin olub.

Zakir Həsənov təxribatların qarşısının alınması üçün göstərişlər verdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 19-u keçirdiyi xidməti müşavirədə bəyan edib ki, azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Düşmən yenə Naxçıvanı atəşə tutdu

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

"Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib.

"Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq", - deyə məlumatda qeyd olunub.

Moskvada Əliyev – Putin görüşü

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər koronavirus pandemiyasından sonra bərpa olunur, yaxın gələcəkdə Rusiya nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.

"Gəlməyə razılıq verdiyiniz üçün Sizə minnətdaram, Allaha şükür, münasibətlərimiz, ilk növbədə iqtisadiyyat demək olar ki, koronavirusdan sonra bərpa olunur", - deyə Putin Əliyevlə görüş zamanı bildirib.

O, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal işlədiyini qeyd edib.

"Yaxın gələcəkdə bu məsələlərlə məşğul olacaq nümayəndə heyətimizi artıq Bakıya göndərməyi planlaşdırırıq", - deyə Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müxtəlif əməkdaşlıq sahələrini - sənaye, nəqliyyat, infrastruktur və digər məsələləri nəzərdən keçirmək planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair kompromis həllər tapdığı üçün Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür edib.

"Əlbəttə ki, ən vacib məsələlərdən biri bölgədəki vəziyyətin həlli məsələsi olaraq qalır. Bilirəm ki, siz əlbəttə buna böyük diqqət və əhəmiyyət verirsiniz. Və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm", - deyə Putin Kremldə keçirilən görüşdə azərbaycanlı həmkarına bildirib.

"Onlar hər zaman məsələnin ən çətin tərəfidir. Ancaq əgər biz istəyiriksə və hamımız məsələnin həllini istəyiriksə, bu yolla getrməliyik. İndiyə qədər biz bunu etməyə nail olduq", - Putin əlavə edib.

Prezident İlham Əliyev şəhid jurnalistlərin ailələrinə ev verib

22 iyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib. Dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilib. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Karantin uzadıldı, avqustda da həftəsonları marşrut və metro işləməyəcək

İyulun 22-də Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

İyulun 23-ü Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb. Müştərək şirkəti Azərbaycanın "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və Rusiyanın "KamAZ" şirkəti yaradır.

Sənəd GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.

Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmiryol xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmiryolunun layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən həyata keçirilib.

Cavid Qurbanov qeyd edib ki, ərazidə tunellər çoxdur, ərazi dağlıq ərazidir: "Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq".

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamları ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, Kamil Tacid oğlu Xasiyevi isə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Prezidentin sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

İlham Əliyevin Qərb bölgəsinə səfəri

İyulun 22-də Prezident İlham Əliyev Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfər edib. Səfər çərçivəsində Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev Daşkəsəndə "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib. Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib. Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub. Prezident İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

Azərbaycan Ordusunun Baş qərargah rəisi təyin edildi

İyulun 23-ü Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Həmçinin oxuyun:

Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar?

İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Baş nazir rəsmiləri topladı: COVID-19-a yoluxmanın artması ilə bağlı düyməyə basıldı