BAKI, 24 iyul - Sputnik. Qış mövsümünün hökm sürdüyü Afrikanın cənubunda rekord həddə soyuq hava qeydə alınıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə mətbuat CAR meteoroloji xidmətinə istinadən məlumat yayıb.
İyulun 24-nə keçən gecə 19 rayonda tarixi rekordlar qeydə alınıb: Kimberli şəhəri və ətrafında temperatur -9,9°С-dən aşağı düşüb. Yohannesburqda temperatur -7°С olub. Bu göstəricilər meteomüşahidələr tarixində ən aşağı sayılır.
Sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək. Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan gəlir.
Bu yaxınlarda isə Küveyt rekord istidən "boğulurdu": kölgədə +53,3°С, Günəşin altında isə +70°С isti olub. Bu yay son yetmiş il ərzində Küveytdə ən isti olub.