BAKI, 23 iyul — Sputnik. İyulun 23-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə 2021-ci ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri və ilin birinci yarısının hesabatı açıqlanıb.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər müzakirə olunub, görülən işlər üzrə statistikalar açıqlanıb.
8197 cinayət işinin istintaqı tamamlanıb
Qeyd olunub ki, 6 ay ərzində ölkə üzrə cəmi 8197 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 671-i prokurorluq orqanlarında istintaq edilib. Prokurorluq orqanları tərəfindən 444, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 6399 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilib.
Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparılıb
Müşavirədə, həmçinin, Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayət əməlləri üzrə 68 cinayət işi üzrə ibtidai istintaqın aparıldığı, həmin işlər üzrə 8 şəhər, 10 qəsəbə və 519 kəndə baxış keçirildiyi bildirilİB.
Korrupsiya ilə bağlı rəqəmlər açıqlanıb
Cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol verən 267 şəxs barəsində 155 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Əlavə olaraq bildirilib ki, həmin cinayət işlərindən 72 şəxs barəsində 25 iş rüşvət alma (passiv rüşvətxorluq), 66 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, 54 şəxs barəsində 30 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 28 şəxs barəsində 15 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 8 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər faktlarla əlaqədar olub.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 110 milyon 533 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,2 faizinin, yəni 41 milyon 72 min manat hissəsinin ödənilməsinə nail olunub.
Həmçinin, bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilən cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 668 min 949 manat məbləğində pul vəsaiti ödənilib.
Bundan başqa, ibtidai araşdırma mərhələsində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci ilin birinci yarımili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə 44 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub.
4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb
Müşavirədə qeyd edilib ki, 2021-ci ilin birinci yarımilində Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar idarəsi tərəfindən 70 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş, həmçinin mülki mühakimə icraatı qaydasında və yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmələrdə baxılmış işlər üzrə 4 valideynin valideynlik hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə iddialar qaldırılıb, qanunsuz rəftara, əzab və işgəncələrə məruz qalmaları ilə əlaqədar 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib.
522 şəxs barəsində 424 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından apellyasiya protesti verilib
2021-ci ilin birinci yarımilində 522 şəxs barəsində 424 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından apellyasiya protesti, 369 şəxs barəsində 321 cinayət işi üzrə qəbul edilmiş hökmdən və ya məhkəmənin digər qərarından isə kassasiya protesti verilib.
Bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınmışdır ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq, 2021-ci ilin birinci yarımilində əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 14 min 928 cinayət qeydə alınıb ki, bunun yalnız 1%-i xüsusilə ağır cinayətlər təşkil edib, daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 207 cinayətin açılması təmin edilib, 435 cinayətkar qrup zərərsizləşdirilib.
Narkotiklə mübarizə üçün yeni işçi qrupu yaradılacaq
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə bağlı müvafiq normativ aktların, həmçinin digər sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair layihələrin hazırlanmaqla aidiyyəti üzrə təqdim edildiyi bildirilib.
Eyni zamanda, sintetik və təbii mənşəli narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının xüsusilə gənclər arasında istehlakının təbliğ edilməsi hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə birgə İşçi qrupun yaradılması qərara alınıb.
17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib
2021-ci ilin birinci yarımilində xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılmış, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 17 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.
Həmçinin oxuyun:
Azərbaycanda nazirlikdə saxtalaşdırma ilə bağlı Baş Prokurorluq cinayət işi açdı
Prokurorluq polis rəisinin özünü güllələməsi ilə bağlı cinayət işi açdı