CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələri üzvlərinə və qazilərə nazirlikdə iş şansı

Nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılmış "Məşğulluq marafonu"na qoşulub. Sputnik Azərbaycan-a bu barədə nazirlikdən verilən xəbərdə bildirilir.

Məlumata görə, nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.

"Bununla da Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi sahəsində dövlətimizin gördüyü çoxsaylı işlərə kiçik də olsa, töhfə verməyə çalışırıq", - nazirlik bəyan edib.

Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladıb. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır. Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək. "Məşğulluq marafonu"na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.