Əfqanıstan ordusu Herat əyalətinin rayonlarından birini taliblərdən azad edib

Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Əfqanıstanın hökumət qüvvələri ölkənin qərbindəki Herat əyalətinin Karux rayonunu radikal Taliban* hərəkatının yaraqlılarından azad edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində onlarla talib məhv edilib.

"Əfqanıstan milli təhlükəsizlik qüvvələri (ANDSF) və müqavimət hərəkatı döyüşçüləri Herat əyalətinin Karux rayonunu Taliban* terrorçularından təmizləyib. Əməliyyat nəticəsində onlarla talib öldürülüb və yaralanıb. Heratda hücum başlanıb və yaxın zamanlarda əyalətin digər əraziləri də azad ediləcək", - deyə ölkənin müdafiə nazirliyinin nümayəndəsi Fəvad Aman bildirib.

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artıb. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.