İQTİSADİYYAT

Azərbaycan nefti 73 dolları keçib

Qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
Sputnik

BAKI, 23 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq 73,03 dollar təşkil edib.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,32 dollar geriləyərək 73,47 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar ucuzlaşaraq 71,61 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov jurnalistlərə bildirib ki, OPEC+ ölkələrinin neft hasilatının həcmini bərpa etmək barədə qərarından sonra neft qiymətləri 68-75 dollar civarında qalacaq. Onun sözlərinə görə, hazırda neftin qiymətinin düşməsi müvəqqəti haldır.

V.Ələkbərov qeyd edib ki, indi neft istehlakı sabitdir və Avropada, ABŞ-da, xüsusilə də Çində getdikcə artır. Çində isə neft istehlakı, demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə çatıb.

Xatırladaq ki, iyulun 18-də OPEC+ ölkələri aylıq neft hasilatını avqust ayından başlayaraq 400 min barel artırmaq barədə qərar qəbul edib.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.

Həmçinin oxuyun: 

* Azərbaycan nefti barədə sevindirici xəbər: Birdən birə üç dollara yaxın bahalaşıb

Neft su yerinə axacaq. OPEK+ müqaviləsi Azərbaycan üçün sərfəlidirmi?