CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat başlayır

Abituriyentlər seçdikləri 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilərlər.
Sputnik

BAKI, 22 iyul — Sputnik. Qabiliyyət İmtahanı Komissiyaları üzrə bir qisim abituriyentlər və subbakalavrlar qeydiyyatdan keçə bilərlər. Bu barədə Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən və bununla bağlı ərizəsi olan abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 22-29 iyul 2021-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı şəxslər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- 1 və ya 2 iyul tarixlərində imtahan verib müsabiqə şərtlərini ödəyən əvvəlki illərin məzunları;

Qeyd: 31 may – 8 iyun tarixlərindəki qeydiyyat zamanı XQTİ-lər üzrə qeydiyyatdan keçmiş abituriyentlər eyni komissiyalar üzrə yenidən qeydiyyatdan keçə bilməzlər. Həmin abituriyentlər digər komissiyaları seçə bilərlər.

- Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Qeyd: Avqustun 12-də keçiriləcək Azərbaycan dili imtahanında iştirak edən və qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə qatılmaq istəyən abituriyentlər də 22-29 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər. Azərbaycan dili imtahanından qeyri-məqbul alan abituriyentlər qabiliyyət imtahanından müsbət qiymət aldıqları halda belə ixtisas seçiminə buraxılmayacaqlar.

- Subbakalavrlar;

Abituriyentlər seçdikləri 2 istiqamətə aid ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilərlər.

Yalnız tam orta təhsil bazasında orta ixtisas təhsili müəssislərinin ixtisaslarını seçən abituriyent¬lər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə istənilən sayda komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçə bilərlər.

"Azər¬baycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşki¬linin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq¬qında" Azərbaycan Respublikası Prezidentinin Sərən¬camına əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

QİK-lər üzrə qeydiyyatdan keçmək ödənişlidir. Lakin "Azərbaycan Respub¬lika-sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və cəhdlər üzrə, o cümlədən bütün QİK-lər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Memarlıq, İslamşünaslıq və Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün QİK və Dini-psixoloji komissiya üzrə qeydiyyat tarixləri qəbul imtahanının II mərhələsinin nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcəkdir.

2021/2022-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri

Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2021-ci il üçün 1-ci və 2-ci nömrələrini nəşr edib. "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin XQTİ-lərinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsinə aid bütün məlumatlar öz əksini tapıb.

Eləcə də oxuyun: