İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
Sputnik

BAKI, 22 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gedib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib. 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm birinci Qarabağ, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn ediliblər. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də hər zaman ərazilərimizin müdafiəsi uğrunda qəhrəmanlıqla döyüşüb, Vətən uğrunda canlarından keçiblər.

Vətən müharibəsinin gedişində yenidən silaha sarılan Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

İlham Əliyev qızıl mədənlərində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.

“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.

Məlumat verildi ki, 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Mürəkkəb və çoxmərhələli emal prosesin yekunu olaraq mədəndən çıxarılan süxurlardan qızıl və gümüş qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr İsveçrəyə saflaşdırılma üçün göndərilir. Saflaşdırıldıqdan sonra 999.9 əyarda qızıl və gümüş külçələr beynəlxalq birjalarda satışa çıxarılır.

Daha sonra “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan 5, 10 və 20 qramlıq sikkələr, eləcə də qızıl külçələr nümayiş etdirildi. Üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası və Qobustan qayaüstü rəsmləri təsvir olunan sikkə və külçələr istehsal edilib. Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda qızıl sikkələr istehsal olunub. Qızıl sikkələrin üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələri, Şuşa şəhəri təsvir edilib.

Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.

Qeyd edək ki, 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının istismara verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.

Sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verdi.

Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” şəhər sakinlərinin yalnız 43 faizinə xidmət göstərirdi. Şəhər əhalisi içməli suyu qrafiklə alırdı, sakinlərin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən bu layihə isə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfərin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Daşkəsən şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün Qarainək bulaqları və Gurbulaq su mənbəyində 5 suqəbuledici qurğu inşa edilib. Mənbədən şəhərə 20 kilometrdən çox uzunluğu olan magistral su kəməri çəkilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda yeni yaradılmış su təchizatı sistemi ilə şəhərin 10 mindən artıq sakini fasiləsiz içməli su ilə təmin edilir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də qurulub. Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib. Yeni yaradılmış infrastruktur hesabına rayonun Alunitdağ qəsəbəsinə də içməli suyun verilməsi təmin edilib.

Naftalana səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində də olub.

Dövlət başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Naftalan şəhər hava limanı ilə tanışlıq 

Naftalan şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istismar müddəti başa çatmış Naftalan şəhər hava limanına baxdı.

Dövlətimizin başçısına hava limanı haqqında məlumat verilib.

Bildirildi ki, 1977-ci ildə istismara verilən hava limanı 1997-ci ilə qədər erməni qəsbkarları tərəfindən dəfələrlə atəşə tutulub. Bu, limanda təyyarələrin enmə və qalxması üçün real təhlükəyə çevrilib. 1997-ci ildə isə hava limanının fəaliyyəti dayandırılıb.

Naftalan Mərkəzi Sanatoriyasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Dövlətimizin başçısına sanatoriya haqqında məlumat verilib.

Naftalanın tarixində dönüş mərhələsi 1970-1990-cı illərə təsadüf edir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilir, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşır. “Naftalan Mərkəzi sanatoriyası” da belə layihələrdən biridir.

Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən, bir hektar ərazidə yerləşən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir.

Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur. Bu da gələcəkdə yeni iş yerlərinin açılması və daha çox turist qarşılanması deməkdir. Qeyd edək ki, müalicə müəssisələrinə gələn qonaqların sayında ən yüksək göstərici 2019-cu ildə qeydə alınıb, həmin ildə 60 ölkədən 12000-dən çox, ümumilikdə isə 40000-ə yaxın turist gəlib.

Diqqətə çatdıraq ki, 2020-2021-ci illərdə koronavirus pandemiyası turizm sənayesinə də təsir etdiyindən rəqəmlərdə azalma müşahidə olunub. Lakin bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə Naftalanın turizm sektorunda yenidən canlanma hiss edilir. Belə ki, son bir ayda sanatoriyalara 2000-ə yaxın turist gəlib. Beləliklə, şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerli və xarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.

Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib

İyulun 22-də Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Müasir standartlara uyğun qurulan bağçada azyaşlıların təlim-tərbiyəsi və onların sağlam vətəndaş kimi yetişmələri üçün hər cür şərait var. Uşaqların günün əsas hissəsini burada keçirmələri məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyənin keyfiyyətinə, sağlam ab-havanın yaradılmasına xüsusi diqqət yetirilməsini tələb edir. “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı Azərbaycanın uğurlu gələcəyinə hesablanıb. Ən müasir infrastrukturla təchiz edilən körpələr evi-uşaq bağçası Naftalanda sayca ikinci məktəbəqədər təhsil müəssisəsidir. Bu sahədə görülən işlər ölkəmizdə uşaqların sağlam və intellektli böyümələrini təmin edir.

Son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni uşaq bağçaları tikilib. Əsas məqsəd məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqları aradan qaldırmaqdır.

Goranboya səfər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.

Dövlətimizin başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Dövlətimizin başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bu gün də ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Dövlətimizin başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.

İnşasına 2014-cü ildə başlanılan bu kompleksin ərazisi 3 hektardan çoxdur. Sahəsi 9137 kvadratmetr olan kompleksdə böyük idman korpusu yerləşir. Universal idman zalı 905 tamaşaçı tutumludur. Bu zal basketbol, voleybol, həndbol, mini futbol idman növləri üzrə məşqlərin və yarışların keçirilməsinə imkan verir. Eyni zamanda, cüdo, taekvondo, sambo, karate, kikboksinq və digər idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulub.

Uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb. Ötən illər ərzində Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi də bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 200-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var. Burada, həmçinin güləş, boks, fitnes-trenajor, aerobika, gimnastika və rəqs zalları, şahmat otağı, konfrans zalı və digər otaqlar yaradılıb. Ərazidə üçmərtəbəli, 44 yerlik mehmanxana da fəaliyyət göstərəcək. Burada da idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var. Futbol stadionunun tribunası 1141 tamaşaçı yerlikdir. Bundan əlavə, iki mini futbol meydançası da qurulub. Voleybol-basketbol meydançası, həmçinin uşaq əyləncə meydançası yaradılıb. Kompleksdə fiziki imkanları məhdud idmançılar və tamaşaçılar üçün də müvafiq şərait yaradılıb.

Prezident İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gəlib.

Dövlətimizin başçısı Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

İlham Əliyev qərb bölgəsində səfərdədir: təfərrüat

Qeyd edək ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Erməni faşizminin izləri ilə tanış olan Prezident İlham Əliyev həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb.