CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocalıda iki nəfər minaya düşüb

Həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Sputnik

BAKI, 22 iyul - Sputnik. İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı Rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

08.07.2021

Füzulidə minaya düşənlərdən biri həlak olub, digəri isə hər iki ayağını itirib - DİN

Füzuli rayon prokurorluğu bu gün rayonun işğaldan azad olunan ərazisində minaya düşən şəxslərlə bağlı növbəti məlumat yayıb. 

Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 8-də iki nəfərin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırmalarla müəyyən edilib ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat edib, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.

***

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşənlərdən biri həlak olub.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a açıqlamasında bildirilib ki, artıq hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb:

"Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü partlayış yerinə yaxınlaşıblar. Bu zaman Nuru Nuriyevin artıq həlak olduğunu görüblər. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər".

E. Zahidov onu da bildirib ki, hər tərəfi minalanmış əraziyə polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq daxil olublar.

Qeyd edək ki, mərhum N.Nuriyev fevral ayında da işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunmuşdu.

15:52

İyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğunun yaydığı məlumata görə, araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

15:13

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün - iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.

26 iyun

Xocavənddə ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində hiyləgər düşmən tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib.

ANAMA-dan verilən məlumata görə, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı çox saylı tələ - mina basdırıb və gizlədib. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir.

Xocalıda iki nəfər minaya düşüb

Qəlpələri 100-160 metrə qədər məhv etmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüsündə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhv edilməsi üçün nəzərdə tutulub.