İQTİSADİYYAT

Azərbaycan nefti barədə sevindirici xəbər: Birdən birə üç dollara yaxın bahalaşıb

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 22 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,76 dollar artaraq 72,08 dollar təşkil edib.

London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,18 dollar geriləyərək 72,05 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 70,17 dollar olub.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Xatırladaq ki, OPEC+ ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.

İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov "OPEC plus"un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.

Yeni razılaşma, "OPEC plus" ölkələri üzrə mövcud 5,8 mln. barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 mln. barel azaldılmasını nəzərdə tutur.

İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin 1 sentyabr tarixində keçirilməsi qərara alınıb.