CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altmış səkkiz yaşlı "qoca" gəncləri necə xoşbəxt edir

Şəhər sakini 15 ildən artıqdır retro avtomobili işlək vəziyyətdə saxlayır. Onu daha çox toylara gəlin maşını kimi aparırlar.
Sputnik

BAKI, 22 iyul — Sputnik. XXI əsrdə retro avtomobillərə maraq göstərənlər az deyil. Həm paytaxt Bakıda, həm də digər bölgələrimizdə köhnə maşın sevənlər artıb. Ölkənin ikinci böyük şəhəri Gəncədə bu minik vasitəsini görən hər kəs ayaq saxlayıb ona baxır, marağını gizlədə bilmir. İllər keçsə də, Rusiyanın Qorki Avtomobil Zavodunun istehsal etdiyi modellər diqqət çəkir. Belə retro maşınlardan biri - 1953-cü ildə istehsal olunan “QAZ-67” markalı minik vasitəsidir. O, Gəncə şəhər sakini Vaqif Əhmədova məxsusdur.

Altmış səkkiz yaşlı "qoca" gəncləri necə xoşbəxt edir

Sputnik Azərbaycan-ın əməkdaşı retro maşının sahibi, Gəncə sakini ilə həmsöhbət olub. Onun illərdir qoruyub saxladığı “QAZ-67”-nin bugünkü günümüzə necə saz vəziyyətdə gəlib çıxması ilə maraqlanıb.

"Özüm köhnə, qədimi avtomobilləri çox sevirəm. Onları idarə edəndə sanki insan həmin illərə qayıdır. Qorki Avtomobil Zavodunun istehsalı olan 68 yaşlı “QAZ-67” modeli 15 ildən çoxdur ki, məndədir. Düzünü desəm, unutmuşam nə qədər pul verdiyimi. Elə Gəncədən almışdım. Detalları dəyişməyib, mühərrikinə əl gəzdirmişik, belə tam işlək vəziyyətdədir. Yanacaq sərfiyyatına gəlincə, şəhər içində idarə edəndə 100 kilometrə 12-13 litr sərf edir. Şəhərdə maraq böyükdür, görənlər dayanıb baxır, şəkil çəkdirirlər. Toylara daha çox aparırlar, gəlin maşını kimi istifadə edirlər”, - deyə maşınını sahibi bildirib.

1953-cü ildə Qorki Avtomobil Zavodunda istehsal edilən “QAZ-67” modeli dözümlü olması ilə seçilir. Gəncə sakini ona məxsus avtomobilə müasir maşınlar təklif edib almaq istəyənlərin az olmadığını da deyib:

"Bir neçə dəfə olub ki, barter üçün yeni model maşınlar təklif ediblər, mən razılaşmamışam. Bu gün belə saz vəziyyətdə qalması onun səliqəli idarə edilməsi və vaxtında ustaya aparılması sayəsində mümkün olub. Hazırda 25 min manat təklif edən olsa, verərəm. İstərdim ki, ölkəmizdə çəkilən seriallar və digər filmlərdə istifadə olunsun. Çəkilsin, yaddaşda qalsın.

Altmış səkkiz yaşlı "qoca" gəncləri necə xoşbəxt edir

Qeyd edək ki, "QAZ-67" markalı minik maşınları ölkəmizdə barmaqla sayılacaq qədər azdır.