VİDEO

Nağıllar şəhərini xatırladan park

Rusiyanın Kaluqa vilayətindəki Kozelsk şəhərindən olan Vladimir Vixlyantsev öz həyətyanı sahəsini nağıllar aləminə çevirib. Ətraflı videomuzda.
Sputnik

Bir neçə il əvvəl Rusiyanın Kaluqa vilayətindəki Kozelsk şəhərindən olan sahibkar Vladimir Vixlyantsev çoxdankı arzusunu həyata keçirmək qərarına gəlir və öz həyətyanı sahəsində nağıllar şəhərini xatırladan park salır. "Vixlandiya" adlı bu qeyri-adi parkdan çəkilmiş kadrlarda müxtəlif taxta heykəllərlə bəzədilmiş əsl qəsr əks olunub. Bu əsrarəngiz Vixlyantsev "krallığının" sahibi də elə həmin qəsrdə yaşayır. Onun sözlərinə görə, bu qeyri-adi məkanın inşasına 2010-cu ildə başlanılıb. Ev sahibi həmin vaxt, sadəcə həyətdə oturub dincəlmək üçün yer düzəltmək istəyirmiş. Vixlyantsev şəhər parkında gəzərkən heykəltaraşların qeyri-adi fiqurlar düzəltdiyini görüb və onlardan biri ilə tanış olub. Həmin şəxs Vixlyantsev kimi nağılları və nağıl qəhrəmanlarını çox sevən Vladimir Kolesnikov idi. Beləliklə, ümumi maraq onları yaxınlaşdırır və kişilər işə başlayırlar.

"Hər şey öz-özünə alındı. Əjdahalardan, divlərdən təsirlənən iki kişi bir araya gəldi və nağıllar aləmi belə yarandı", – deyə Vixlyantsev nəql edir.

Parkın konsepsiyasından da danışan ev sahibi qeyd edib ki, əvvəldən bu barədə nə onun, nə də heykəltaraşın aydın təsəvvürü olub, ancaq sonradan kişilər bütün yaradıcı potensialını ortaya qoyaraq belə qeyri-adi məkan yaradıblar.

Artıq Vixlyantsevlə Kolesnikov parkda 1000-dən artıq nağıl qəhrəmanının heykəlini ucaldıblar: burada dəniz quldurlarının kəllə formasında evini də görmək olar, "Üzüklərin hökmdarı"-nın personajı Qollumun heykəlini də. Bundan başqa, burada bir sıra xalq nağıllarının, cizgi filmlərinin qəhrəmanlarına və fantastik personajlara da rast gəlmək mümkündür.

Vixlyantsev onu da bildirib ki, parka baş çəkməyə gələn saysız-hesabsız turistlər onların evdə sakit yaşamalarına imkan vermirlər.

"Düzdür, onların çoxu nikbin insanlardır, üstəlik bu park da adamı müsbət əhval-ruhiyyəyə kökləyir", – deyə Vixlyantsev fikirlərini yekunlaşdırıb.

Entuziast əldə etdiyi bu nailiyyətlə kifayətlənmək fikrində deyil, çünki onun hələ həyata keçirmədiyi ideyaları çoxdur.