İQTİSADİYYAT

SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edilib

Dövlət başçısının sərəncamlarından sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentlərinin sayı azaldılıb.
Sputnik

BAKI, 19 iyul - Sputnik. Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Azərbaycan Prezidentinin daha bir Sərəncamı ilə Tofiq Ridvan oğlu Qəhrəmanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

SOCAR haqqında

Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (The State Oil Company of Azerbaijan Republic - SOCAR) yaradılıb.