BAKI, 17 iyul — Sputnik. Şəmkirdə qaydalara riayət etməyən sürücülər məsuliyyətə cəlb edilib. Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən və minik vasitələrinin ixrac qazları normadan artıq olan sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb.
Sürücülərin diqqətinə çatdırılıb ki, təhlükəsizlik kəməri kəskin dayanma zamanı və ya avtomobil zərbə alarkən insanın yerində qalmasını təmin edir. Bu isə insanı avtomobil salonunun hissələrinin zərbəsindən qoruyur və yaxud maşından bayıra doğru atılmasının qarşısını alır. Dönmə siqnalları isə ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır.
Davam etdirilən tədbirlər nəticəsində 30 sürücü barəsində protokol tərtib edilib. Qeyd edək ki, davamlı olaraq DİN tərəfindən monitorinqlər aparılır, bu cür reydlər davam etdirilir.