İQTİSADİYYAT

Azərbaycanda idxal və ixrac aşağı düşüb

2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları təşkil edib.
Sputnik

BAKI, 17 iyul — Sputnik. 2021-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 7 milyard 564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 3 milyard 171,8 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artıb, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalıb.

2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-may aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 51,6 faiz, şəkər – 2,2 dəfə, bitki yağları – 43,3 faiz, meyvə və tərəvəz şirələri – 15,1 faiz, meyvə və tərəvəz konservləri – 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 14,5 faiz, pambıq lifi – 2,1 dəfə, pambıq ipliyi – 1,6 dəfə artıb, təzə tərəvəz ixracı isə 27,3 faiz, kartof – 11,5 faiz, çay – 22,8 faiz, tütün – 54,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 29,4 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 25,9 faiz, qara metallardan borular – 1,7 faiz, bentonit gili – 1,7 faiz azalıb.

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər – 0,8 faiz, kartof – 14,7 faiz, çay – 6,7 faiz, təzə tərəvəz – 46,5 faiz, minik avtomobilləri – 1,6 dəfə, dərman vasitələri – 0,4 faiz, hesablama maşınları, blok və qurğuları – 13,1 faiz, rezin şinlər – 1,6 dəfə, yük avtomobilləri – 2,1 dəfə, mebellər – 24,6 faiz, məişət kondisionerləri – 28,5 faiz, paltaryuyan maşınlar – 32,1 faiz, məişət soyuducuları – 24,7 faiz artıb, bitki yağları idxalı isə 9,1 faiz, təzə meyvə – 1,4 faiz, kərə yağı, digər süd yağları və pastaları – 6,6 faiz, quş əti və onun əlavə məhsulları – 38,0 faiz, mal əti – 41,7 faiz, siqaretlər – 0,1 faiz, qara metallardan borular – 37,2 faiz, polad prokatı – 50,7 faiz, mineral gübrələr – 40,6 faiz, qara metallardan çubuqlar – 66,3 faiz, polietilen – 46,5 faiz, qara metallardan künclüklər – 29,0 faiz, avtobuslar – 28,2 faiz, sement və sement klinkerləri – 44,4 faiz azalıb.

Xarici ticarət əlaqələri haqqında

Qeyd edək ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 152 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 532,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 6 milyard 3,2 milyon dollarını və ya 63,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 3 milyard 528,9 milyon dollarını (37,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2 milyard 474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz artıb, real ifadədə isə 12,4 faiz, o cümlədən idxal 18,1 faiz, ixrac 8,3 faiz azalıb.

2021-ci ilin yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27,0 faiz, real ifadədə 10,7 faiz artaraq 697,0 milyon dollar təşkil edib.